Alma yemək üçün ən yaxşı vaxt nə zamandır – Səhər, yoxsa axşam?

SAĞLAMLIQ
15:39 / 26.11.2026
40

Alma sağlam qəlyanaltıların ən populyar növlərindən biri hesab olunur. Lakin bu meyvəni günün hansı saatında yeməyin daha faydalı olduğu, xüsusilə də axşam saatlarında istehlakının zərərli olub-olmadığı ilə bağlı müzakirələr davam edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna mediası “klik.hr” nəşrinə istinadən yazıb.

Alma həm həll olunan, həm də həll olunmayan liflərlə, eləcə də polifenollar daxil olmaqla, müxtəlif bitki mənşəli faydalı birləşmələrlə zəngindir. Mütəxəssislər bildirirlər ki, meyvənin tərkibindəki lif və flavonoidlərin əhəmiyyətli hissəsi qabığında yerləşir. Buna görə də fərdi dözümsüzlük olmadığı halda almanı qabığı ilə yemək, lakin əvvəlcədən yaxşı yumaq tövsiyə olunur.

Səhər yeməyində alma

Almanı səhər yeməyinə əlavə etmək həzm sisteminin fəaliyyətini dəstəkləmək və günə enerji ilə başlamaq üçün yaxşı seçimdir. Meyvənin tərkibindəki lif toxluq hissini artırır, təbii şəkərlər isə orqanizmi enerji ilə təmin edir.

Bundan başqa, səhər saatlarında orqanizmin insulinə həssaslığı, adətən, günün digər vaxtları ilə müqayisədə daha yüksək olur. Bu da qanda qlükoza səviyyəsinin tənzimlənməsinə təsir göstərir.

Almanı təbii qatıq və ya yulaf sıyığı ilə birlikdə yemək də faydalı səhər yeməyi alternatividir. Meyvənin tərkibindəki C vitamini immun sisteminin normal fəaliyyətinə dəstək verir.

Axşam alma yemək zərərlidirmi?

Axşam saatlarında maddələr mübadiləsinin bəzi xüsusiyyətləri dəyişir və orqanizm istirahətə hazırlaşır. Bəzi insanlarda yatmazdan əvvəl alma yemək köp, şişkinlik və digər həzm narahatlıqlarına səbəb ola bilər. Bu, meyvədəki lif və bəzi karbohidratların həzm prosesinin xüsusiyyətləri ilə əlaqələndirilir.

Həmçinin qlükozanın mənimsənilməsi orqanizmdə səhər saatlarında daha əlverişli, axşam isə nisbətən zəif ola bilər. Buna görə dietoloqlar meyvələrin günün ilk yarısında istehlakına üstünlük verməyi məsləhət görürlər.

Lakin bu, axşam alma yeməyin mütləq zərərli olduğu demək deyil. Araşdırmalarda yatmazdan əvvəl alma istehlakının sağlamlıq üçün təhlükəli olduğunu təsdiqləyən elmi sübutlar yoxdur.

Mütəxəssislər bildirirlər ki, alma yedikdən sonra mütəmadi olaraq mədə yanması və ya reflüks əlamətləri yaranırsa, bu qəlyanaltını günün daha erkən saatlarına keçirmək məqsədəuyğundur.

Diabetdən əziyyət çəkən şəxslərin də almanı tamamilə qida rasionundan çıxarmasına ehtiyac yoxdur. Sadəcə, gün ərzində qəbul etdikləri karbohidratların miqdarını nəzərə almalı və porsiyaları fərdi qidalanma tələblərinə uyğunlaşdırmalıdırlar.

Nəşrin gəldiyi nəticəyə görə, alma yemək üçün hamıya aid olan konkret vaxt məhdudiyyəti yoxdur. Əgər bu meyvə orqanizmdə narahatlıq yaratmırsa, onu həm səhər, həm də axşam istehlak etmək mümkündür.

Samir
 

0