Fransada hərbi qulluqçuların Ukraynaya göndərilməsi hökumətlə müxalifət arasında ciddi narazılıq yaradıb. Müxalifət hökuməti bu addım barədə parlamenti məlumatlandırmamaqda və ölkəni Rusiya ilə münaqişəyə cəlb etmək riski yaratmaqda ittiham edir.
HİT.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məsələ ilə bağlı Fransanın müdafiə nazirinin müavini Alis Rufo Senatda qapalı dinləmələrə çağırılıb. Ondan müharibənin davam etdiyi Ukraynada fransız hərbçilərinin yerləşdirilməsi barədə senatorlara məlumat verməsi tələb olunub.
Məlumata görə, ötən həftə Fransanın dövlət radiosu RFI Ukraynada fransız hərbçilərinin fəaliyyət göstərdiyini açıqlayıb. Onların əsas vəzifəsi Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinə təlim keçmək, eləcə də Fransa tərəfindən Kiyevə verilən hərbi texnikaya texniki xidmət göstərməkdir. “Volya” adlandırılan missiyaya fransız generalı rəhbərlik edir.
Alis Rufo Ukraynada hərbi hazırlıq və texniki xidmətlə məşğul olan koordinasiya strukturunun mövcudluğunu təsdiqləsə də, fransız əsgərlərinin döyüşlərdə birbaşa iştirak etdiyini iddia etməyi “absurd” adlandırıb.
Lakin bu açıqlama müxalifətin narazılığını aradan qaldırmayıb. Solçu siyasətçi Jan-Lük Melanşon Fransanın Ukraynadakı hərbi əməliyyatların iştirakçısına çevrilməməli olduğunu bəyan edib. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun fransız hərbçilərinin mövcudluğunu münaqişədə birbaşa iştirak kimi qiymətləndirən mövqeyinə də uyğun fikirlər səsləndirib.
Sağçı siyasətçi Marin Le Pen isə prezident seçiləcəyi təqdirdə Ukraynaya maliyyə yardımını dayandıracağını, lakin Fransanın silah tədarükünü davam etdirəcəyini bildirib.
Fransanın siyasi dairələrində narazılığın əsas səbəblərindən biri də hərbi missiya barədə parlamentə əvvəlcədən məlumat verilməməsidir. Senatın Müdafiə və Silahlı Qüvvələr Komitəsinin rəhbəri Sedrik Perrin hesab edir ki, hökumət ən azı parlamentin müvafiq komitələrini və palataların rəhbərlərini məlumatlandırmalı idi.
Onun sözlərinə görə, baş verənlər prezidentin parlamentə münasibətində ciddi problemlərin olduğunu göstərir.
Perrin əlavə edib ki, bu cür məlumatların əvvəlcə mediada yayılması, daha sonra isə Rusiyanın onlardan Fransanın fəaliyyətini gözdən salmaq üçün istifadə etməsi Parisin maraqlarına zərər vurur.
Müxalif deputatlar isə hərbi missiyanın gözlənilmədən döyüşlərə cəlb olunma təhlükəsi yaratdığını düşünürlər. “Təslim olmayan Fransa” partiyasının deputatı Bastyen Laşo bildirib ki, fransız hərbçiləri döyüşə girəcəyi təqdirdə, parlamentdə heç bir səsvermə keçirilmədən ölkə Rusiya ilə müharibə vəziyyətinə düşə bilər.
Qeyd edək ki, Fransadakı bu mübahisə 2027-ci il prezident seçkiləri ərəfəsində baş verir. Prezidentliyə əsas namizədlərdən sayılan Marin Le Pen və Jan-Lük Melanşon hökumətin Ukraynaya dəstək siyasətindən fərqli mövqelər nümayiş etdirirlər.
Samir


