Son günlərdə Ermənistanda yeni konstitusiya layihəsi ətrafındakı müzakirələr səngimir.
Yeni layihəyədə əvvəlkindən fərqli olaraq Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer almır. Üstəlik, Baş nazir Nikol Paşinyan yeni konstitusiya layihəsinin refenduma çıxarılması üçün müxalifətə təklif verib. O, xalqın layihəyə “yox” deyəcəyi halda istefa verəcəyini, “hə” deyəcəyi variantda isə növbəti seçkilərdə baş nazir postuna namizəd olmayacağını açıqlayıb.
Buna rəğmən, müxalifət partiyaları layihəyə dəstək verməyib. Nəticədə, Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi iddiaları da yayılmağa başlayıb. İndiki vəziyyətdə isə Paşinyanın hansı addımı atacağı gözlənilir...
Politoloq Müşfiq Abdulla Hit.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyanın istefa verəcəyini və ya növbədənkənar seçkilərə gedəcəyi barədə deyilənləri real hesab etmir:
“Çünki konstitusiya layihəsinin mətninin dərci daha çox ictimaiyyəti bu sənədlə tanış etmək məqsədi daşıyırdı. Ermənistanın Baş naziri növbədənkənar seçkilərə gedib-getməmək barədə yalnız parlamentdə konstitusiya layihəsi ilə bağlı səsvermənin nəticələrindən sonra qərar verə bilər. Bu istiqamətdə isə hələlik hansısa real addım atılmayıb. Bu baxımdan, müxalifətin bəyanatlarının da heç bir hüquqi əsası yoxdur.
Milli Məclisin reqlamenti haqqında Ermənistan Respublikası Qanununun tələblərinə görə, eyni zamanda referendum haqqında qanuna görə, konstitusiya layihəsi parlamentə təqdim olunduqdan sonra 2 ay müddətində müzakirə aparılmalıdır. Bundan sonra deputatların üçdə iki səs çoxluğu ilə həmin layihə ümumxalq səsverməsinə çıxarıla bilər. Əgər deputatların üçdə iki səs çoxluğunu qazanılmasa, Konstitusiya layihəsi ümumxalq səsverməsinə çıxarıla bilməz”.
Ekspert qeyd edib ki, qanunvericiliyin digər tələbinə görə isə konstitusiya layihəsinə Konstitusiya Məhkəməsi də baxmalıdır:
“Bundan sonra da 15 gün müddətində həmin sənədin Ermənistan Konstitusiyasına uyğun olub-olmadığına dair, ali hüquqi sənədə uyğunluğuna dair rəy verməlidir. Bütün bunları nəzərə aldıqda, Nikol Paşinyanın ən azı iki ay yarım müddətinin olduğunu görürük. Bu isə onu göstərir ki, 2027-ci ilin birinci rübü daha çox Ermənistanda Konstitusiya layihəsi ətrafında qızğın müzakirələr gedəcək.
Ermənistan parlamentində və Baş nazir müxalifəti bu sənədə səs verməyin, dəstəkləməyin vacibliyinə inandırmağa çalışacaq və üçdə iki səs çoxluğunu əldə etməyə cəhd edəcək. Lakin bu vəziyyətin mürəkkəb olduğunu və konstitusiya layihəsinin qarşısındakı hüquqi maneələrin çoxluğu barədə deyilənlərlə razılaşmıram”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, Paşinyan deputatların üçdə iki səs çoxluğu qazanmadan da layihəni referenduma çıxara bilər:
“Ermənistan Konstitusiyasının 202-ci maddəsinin üçüncü bəndinə görə, parlament konstitusiya layihəsini qəbul etməkdən imtina etdikdə deputatların beşdə üçünün səs çoxluğu ilə konstitusiya layihəsi ümumxalq səsverməsinə təqdim oluna bilər.
Ermənistan parlamentində 105 deputat var və onun beşdə üçü 63 deputat edir. Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının isə 64 deputatla təmsil olunduğunu nəzərə alsaq, hakim partiya 63 səslə konstitusiya layihəsini referenduma çıxarmaq imkanına malikdir. Bu baxımdan da Paşinyanın istefasına, hökuməti dəyişməsinə və ya növbədənkənar seçkilərə getməsinə ehtiyac qalmır”.
Elmir Mustafa



