Alimlər depressiyanın yenidən yaranma riskini azaltmaq baxımından ən təsirli antidepressantı müəyyən ediblər. Araşdırmaya görə, essitalopram digər geniş istifadə olunan preparatlarla müqayisədə müsbət nəticələr göstərib.
HİT.az xəbər verir ki, Niderlandın Radboud Universitetinin və bir sıra elmi mərkəzlərin tədqiqatçıları təxminən 10 min pasiyentin məlumatlarını təhlil ediblər. Araşdırmanın nəticələri “The Lancet Psychiatry” jurnalında dərc olunub.
Alimlər bir ildən artıq müddətdə istifadə edilən ondan çox antidepressantın effektivliyini müqayisə ediblər. Nəticələrə əsasən, depressiya əlamətləri azaldıqdan sonra əldə olunan müsbət vəziyyətin qorunmasında ən yaxşı nəticəni essitalopram göstərib. Siyahıda növbəti yerləri aqomelatin və duloksetin tutub. “Prozac” adı ilə tanınan fluoksetin də effektivliyi ilə seçilən preparatlar arasında olub.
Essitalopram əhval-ruhiyyənin tənzimlənməsində rol oynayan serotoninin beyində əlçatanlığını artıran selektiv serotonin geri alım inhibitorları (SSRI) qrupuna daxildir. Eyni qrupa sertralin və fluoksetin kimi preparatlar da aiddir.
Tədqiqat zamanı essitalopram qəbul edən pasiyentlərin fluoksetin istifadə edənlərlə müqayisədə müalicəni yarımçıq dayandırma ehtimalının daha aşağı olduğu da müəyyən edilib.
Bununla belə, London İmperial Kollecinin eksperti Samiir Cəuhar essitalopramın hər kəs üçün ən yaxşı seçim hesab edilməməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, araşdırma konkret pasiyent üçün hansı preparatın daha təsirli olacağını müəyyənləşdirməyə imkan vermir. Digər antidepressantla yaxşı nəticə əldə edən şəxsin müalicəsini dəyişməsinə də əsas yaratmır.
Qeyd edək ki, essitalopram da digər antidepressantlar kimi müəyyən əlavə təsirlərə səbəb ola bilər. Bunlara yuxu pozuntuları, qəbizlik və çəki artımı daxildir. Depressiyanın müalicəsində dərmanlarla yanaşı, psixoterapiya və digər dəstək üsullarından da istifadə olunur.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, antidepressant seçimi və müalicənin dəyişdirilməsi yalnız həkim tərəfindən müəyyən edilməlidir.
Samir


