Sürətlə yeriyən insanlar təkcə tələskən olmaya bilərlər. Psixoloqlar bu vərdişin məsuliyyətlilik, ambisiyalılıq, ünsiyyətcillik və emosional sabitlik kimi bir sıra şəxsiyyət xüsusiyyətləri ilə əlaqəli ola biləcəyini bildirirlər.
HİT.az xəbər verir ki, bu barədə “Upworthy” portalı yazıb.
Psixoloq və klinik direktor Kristal Kastanyotsi sürətli yerişin insanın təşkilatçılıq qabiliyyətini, enerjisini və məqsədyönlülüyünü əks etdirə biləcəyini qeyd edib.
Mütəxəssislər sürətli yeriyən insanlarda müşahidə oluna biləcək yeddi əsas xarakter xüsusiyyətini fərqləndirirlər.
1. Məsuliyyətlilik və intizam
Sürətlə yeriyən insanlar daha mütəşəkkil, intizamlı və məsuliyyətli ola bilərlər. Onlar vaxtlarını düzgün bölüşdürməyə, qarşılarına qoyduqları məqsədlərə çatmağa və işləri səmərəli şəkildə yerinə yetirməyə meyillidirlər.
2. Ünsiyyətcillik
Ekstravert insanlar sosial münasibətlərə, ünsiyyətə və müxtəlif fəaliyyətlərə daha çox maraq göstərirlər. Onların yüksək enerji səviyyəsi sürətli yeriş vərdişində də özünü göstərə bilər.
3. Emosional sabitlik
Aşağı nevrotiklik səviyyəsi olan insanlar stressə daha sakit reaksiya verir, narahatlıq və tərəddüdlərə daha az meyilli olurlar. Psixoloqlar hesab edirlər ki, belə insanlar qərar vermək və hərəkətə keçmək üçün daha az vaxt itirə bilərlər.
4. Yeniliklərə açıqlıq
Maraqlı, yaradıcı və yeni təcrübələrə açıq insanlar həyatlarında fərqli imkanlar axtarmağa meyillidirlər. Bu xüsusiyyət onların daha aktiv həyat tərzi sürməsinə və hərəkət tempinə təsir göstərə bilər.
5. Xoşxasiyyətlilik
Əməkdaşlığa, empatiyaya və başqalarına diqqətlə yanaşmağa üstünlük verən insanlar ətrafındakı şəxslərin ehtiyaclarını nəzərə alırlar. Məsələn, birlikdə gəzdikləri insanların tempinə uyğunlaşmaq üçün yeriş sürətlərini dəyişə bilərlər.
6. Qətiyyətlilik
Sürətli yeriş təşəbbüskarlıq, özünəinam və qərarlarında israrlı olmaqla da əlaqələndirilir. Belə insanlar hara getdiklərini dəqiq bilir, məqsədlərinə çatmaq üçün fəal davranırlar.
7. Ambisiyalılıq
Ambisiyalı insanlar böyük hədəflər müəyyənləşdirməyə, daim inkişaf etməyə və vaxtlarından səmərəli istifadə etməyə çalışırlar. Onların hərəkət tempində də bu xüsusiyyət özünü göstərə bilər.
Bununla belə, psixoloqlar vurğulayırlar ki, yeriş sürəti insanın xarakterini müəyyənləşdirmək üçün qəti meyar deyil. Yavaş yeriyən insanlar mütləq şəkildə daha az ambisiyalı və ya motivasiyasız hesab edilməməlidir.
Mütəxəssislərin fikrincə, yeriş tempi şəxsiyyət xüsusiyyətləri barədə müəyyən ipucları verə bilər, lakin insanın xarakteri haqqında birmənalı nəticə çıxarmağa əsas vermir.
Samir


