Alimlər müəyyən ediblər ki, bayquşların gecə həyat tərzinə keçidi düşündüyümüzdən daha qədim dövrlərdə deyil, təkamül prosesinin müəyyən mərhələsində baş verib. Araşdırmaya görə, bu quşların 47 milyon il əvvəl yaşamış əcdadlarından biri gündüzlər fəal olub və gecə ovlamaq qabiliyyətinə malik olmayıb.
HİT.az xəbər verir ki, bu barədə Almaniyanın Senkenberq Elmi-Tədqiqat İnstitutu və Təbiət Tarixi Muzeyinin alimlərinin Current Biology jurnalında dərc olunan araşdırmasında bildirilir.
Tədqiqatın əsasını Almaniyanın Frankfurt şəhəri yaxınlığında yerləşən, UNESCO-nun Dünya İrsi siyahısına daxil olan Messel karxanasında tapılmış fosil təşkil edir. 2025-ci ildə aparılan qazıntılar zamanı aşkarlanan qalıqların təxminən 12 santimetr uzunluğunda qədim bayquşa aid olduğu müəyyən edilib.
Demək olar ki, bütöv vəziyyətdə qorunmuş skeletdə qanad və quyruq lələklərinin izləri, hətta quşun mədəsinin son qida qalıqları da aşkarlanıb. Tədqiqatçılar mədədəki həşərat qalıqlarının tarakana aid olduğunu müəyyən ediblər. Yeni növ Masillastrix blattophaga adlandırılıb. Bu ad təxminən “tarakan yeyən” mənasını verir.
Alimlərin fikrincə, quşun gündüz fəal olduğunu göstərən əsas sübutlardan biri onun mədəsində tapılan həşəratdır. Çünki iridescent, yəni işıqdan asılı olaraq müxtəlif rənglərdə parıldayan qanadlara malik tarakanlar əsasən gündüz aktiv olan növlərə aiddir. Belə rəng xüsusiyyəti qaranlıqda elə də faydalı deyil.
Bundan başqa, fosilin anatomik quruluşu da müasir bayquşlardan fərqlənir. Onun qanad lələklərində indiki bayquşlara xas xüsusiyyətlər olmayıb, bazu sümüyü isə müasir növlərlə müqayisədə daha qısa olub. Bu, quşun səssiz uçuş üçün uyğunlaşmış uzun qanadlarının hələ formalaşmadığını göstərir.
Tədqiqatçılar bayquşların gecə həyat tərzinə nə vaxt keçdiyini dəqiqliklə müəyyənləşdirməyin çətin olduğunu bildirirlər. Bununla belə, Fransada təxminən 35 milyon il əvvələ aid, anatomik xüsusiyyətlərinə görə müasir bayquşlara bənzəyən növün qalıqlarının tapılması bu keçidin 47-34 milyon il əvvəl baş verdiyini ehtimal etməyə əsas verir.
Araşdırmanın müəlliflərindən Cerald Mayr qeyd edib ki, indiyədək bayquşların təkamül tarixində gündüz həyatından gecə həyatına nə vaxt keçdiyi məlum deyildi. Bunun əsas səbəbi tapılan fosillərin əksəriyyətinin bütöv skeletlər deyil, ayrı-ayrı sümüklərdən ibarət olmasıdır.
Müasir bayquşlar qaranlıqda ov etmək üçün olduqca iti eşitmə qabiliyyətinə və demək olar ki, səssiz uçmağa imkan verən xüsusi qanad quruluşuna malikdirlər.
Samir


