“Azərbaycan-Türkiyə qardaşlığı ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz siyasi iradəyə söykənən müstəsna münasibətlər sistemidir”.
Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı ilə ifadə olunan bu birlik bu gün konkret siyasi qərarlarda, iqtisadi layihələrdə və beynəlxalq təşəbbüslərdə öz təsdiqini tapır:
“Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hər zaman “qardaşım” deyə müraciət etməsi də münasibətlərimizin səmimiyyətini və dərinliyini göstərir. Bu, sadəcə diplomatik xitab deyil, iki dövlətin ortaq maraqlarının və xalqlarımızın sarsılmaz bağlılığının ifadəsidir.
Azərbaycanın COP31-də iştirakı bu qardaşlığın beynəlxalq əməkdaşlıq müstəvisində yeni məzmun qazandığını nümayiş etdirir. Türkiyənin Antalya şəhərində keçirilən mötəbər tədbir ölkəmizin qlobal iqlim gündəliyində fəal mövqeyini və beynəlxalq nüfuzunu göstərməklə yanaşı, iki qardaş dövlətin yaşıl inkişaf, enerji təhlükəsizliyi və regional əməkdaşlıq sahələrində ortaq təşəbbüsləri üçün də imkanlar yaradır”.
Millət vəkili qeyd edib ki, Azərbaycanın bu sahədə mühüm beynəlxalq təcrübəsi var:
“2024-cü ildə Bakıda keçirilən COP29-da inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşməsinin 2035-ci ilədək ildə 300 milyard dollara çatdırılması, ümumi maliyyə axınının isə 1,3 trilyon dollara qədər artırılması istiqamətində razılaşma əldə edildi. Paris Sazişinin karbon bazarlarına dair 6-cı maddəsinin tətbiqi mexanizmlərinin razılaşdırılması da konfransın mühüm nəticələrindən oldu. COP31-də əsas vəzifə bu razılaşmaların real layihələrə və praktiki nəticələrə çevrilməsinə töhfə verməkdir.
Azərbaycan pavilyonunun “Dialoq dəhlizi” konsepsiyası ilə təqdim olunması da ölkəmizin bu prosesdə təşəbbüskar mövqeyini əks etdirir. İki həftə ərzində 40-dan çox tədbir və müzakirənin keçirilməsinin nəzərdə tutulması yaşıl enerji dəhlizləri, bərpaolunan enerji, Xəzərin ekoloji vəziyyəti, su ehtiyatlarının idarə olunması, dayanıqlı şəhərsalma və iqlim maliyyələşməsi kimi məsələlərin müzakirəsinə geniş imkan yaradır”.
Həmsöhbətimiz əlavə edib ki, bu istiqamətdə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin rolu xüsusilə əhəmiyyətlidir:
“İki ölkənin enerji və nəqliyyat sahələrində formalaşdırdığı əməkdaşlıq yaşıl enerji sahəsində də yeni perspektivlər açır. Azərbaycanın coğrafi mövqeyi, enerji infrastrukturu və tranzit imkanları Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının Avropa bazarlarına çatdırılmasında mühüm rol oynaya bilər. Türkiyə ilə əməkdaşlıq isə bu potensialın regional layihələrə çevrilməsi üçün əlverişli zəmin yaradır. Bu, qardaşlığın siyasi həmrəylikdən konkret iqtisadi və strateji əməkdaşlığa qədər genişlənməsinin bariz nümunəsidir.
İqlim dəyişiklikləri Azərbaycan üçün də ciddi çağırışlar yaradır. Su ehtiyatlarının məhdudluğu, Xəzər dənizinin səviyyəsindəki dəyişikliklər, quraqlıq və torpaqların deqradasiyası ardıcıl tədbirlər tələb edir. Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji zonası” konsepsiyası çərçivəsində həyata keçirilən layihələr, günəş və külək enerjisindən istifadə, müasir infrastrukturun qurulması bu istiqamətdə atılan mühüm addımlardır”.
E. Akimovanın sözlərinə görə, Türkiyə ilə təcrübə və texnologiya mübadiləsinin genişləndirilməsi həmin təşəbbüslərin səmərəsini artıra bilər:
“Azərbaycanın enerji siyasətində ənənəvi resurslarla yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafına, enerji səmərəliliyinə və elektrik şəbəkələrinin modernləşdirilməsinə üstünlük verilməsi də gələcəyin enerji sisteminə keçidin vacib şərtidir. Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmaq, iki qardaş xalqın arasına süni narazılıq toxumu səpmək istəyənlərin cəhdləri isə indiyədək nəticəsiz qalıb.
Çünki bu birlik dəyişən siyasi konyunkturadan deyil, ortaq tarixdən, qarşılıqlı sədaqətdən və milli maraqların vəhdətindən güc alır. Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın haqq işinə verdiyi qətiyyətli siyasi və mənəvi dəstək, Şuşa Bəyannaməsi ilə münasibətlərimizin müttəfiqlik səviyyəsinə yüksəlməsi bu qardaşlığın sözlə deyil, əməli addımlarla möhkəmləndiyini təsdiqləyir”.
Deputat hesab edir ki, COP31-də Azərbaycanın iştirakı ölkəmizin beynəlxalq iqlim diplomatiyasındakı mövqeyinin möhkəmləndirilməsi, COP29-un nəticələrinin davam etdirilməsi və yaşıl enerji sahəsində regional əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:
“Türkiyə ilə strateji müttəfiqliyimiz bu hədəflərə çatmaq üçün əlavə imkanlar yaradır. Çünki müasir dövrdə qardaşlıq yalnız bir-birinə mənəvi dəstək göstərmək deyil, həm də ortaq gələcək naminə məsuliyyəti bölüşmək, qlobal çağırışlara birlikdə cavab vermək və xalqlarımızın rifahına xidmət edən layihələr həyata keçirməkdir.
COP31 bir daha göstərir ki, Azərbaycan-Türkiyə qardaşlığı tarixi və mənəvi bağlılıq olmaqla yanaşı, ortaq siyasi iradəyə, strateji əməkdaşlığa və gələcəyə hesablanmış təşəbbüslərə söykənir. Bu münasibətlərə kölgə salmaq istəyənlərin arzusu gözündə qaldı. Çünki Azərbaycan və Türkiyəni birləşdirən yalnız ortaq tarix deyil, birlikdə müəyyənləşdirilən hədəflər və birlikdə qurulan gələcəkdir”.
Elmir Mustafa



