Alimlər Tibet imperiyası dövrünə aid divar rəsmlərinin hazırlanmasında istifadə olunan boyaların tərkibini və orta əsr rəssamlarının unikal texnologiyasını müəyyən ediblər. Araşdırma nəticəsində məlum olub ki, Tibet ustalarının tətbiq etdiyi üsullar qədim Çin rəssamlarının, xüsusilə Tan sülaləsi dövrünün sənətkarlarının texnologiyaları ilə böyük oxşarlıq təşkil edib.
HİT.az xəbər verir ki, Çin Elm və Texnologiya Universitetinin alimlərinin araşdırması Materials jurnalında dərc olunub.
Tədqiqatın obyekti Çinxay-Tibet yaylasının şimal-şərqində, Ulan rayonunun Çüanqu ərazisində yerləşən 1 nömrəli məqbərə olub. Radiokarbon analizləri tikilinin eramızın 633-842-ci illəri arasında inşa edildiyini təsdiqləyib.
Bu məqbərə Tibet imperiyası (Tubo dövləti) dövrünə aid divar rəsmləri aşkar edilmiş yeganə məlum dəfn kompleksi hesab olunur. 2019-cu ildə isə Çinin ən mühüm on arxeoloji kəşfindən biri kimi qeydə alınıb. Qazıntılar zamanı divar rəsmlərindən başqa qızıl taclar və piyalələr, laklanmış tabutlar, eləcə də müxtəlif parçalar tapılıb.
Uzun müddət torpaq altında qalan freskalar rütubət, duz kristallaşması və mikroorqanizmlərin təsiri nəticəsində ciddi zədələnib. Boya təbəqəsi çatlayaraq töküldüyündən, tədqiqatçılar rəsmləri divarlardan çıxarıb xüsusi mühafizə şəraitində saxlayıblar.
Laboratoriya analizləri qədim rəssamların istifadə etdiyi materialları üzə çıxarıb. Məlum olub ki, divar rəsmləri bir neçə təbəqədən ibarətdir: əvvəlcə kərpic və sərv ağacından konstruksiya hazırlanıb, üzərinə gil əsaslı qat, daha sonra isə əsasən kalsitdən ibarət əhəng örtüyü çəkilib. Son mərhələdə boya tətbiq olunub.
Rənglərin hazırlanmasında müxtəlif təbii maddələrdən istifadə edilib. Qırmızı çalarlar dəmir tərkibli mineral olan hematitdən, qara rəng hisdən, mavi rəng isə indiqodan əldə olunub. Tədqiqatçılar indiqonun Tibet imperiyası dövrünə aid divar rəsmlərində ilk dəfə aşkar edildiyini bildirirlər.
Boyaların hazırlanması zamanı heyvan mənşəli yapışqandan istifadə olunub. Gil əsaslı örtüyün möhkəmliyini artırmaq üçün isə qarışığa dağlıq ərazilərdə yetişdirilən arpa samanı əlavə edilib.
Araşdırma göstərib ki, Çüanqu məqbərəsinin divar rəsmlərinin hazırlanma texnologiyası Çinin Şensi və Qansu əyalətlərində yerləşən zəngin Tan sülaləsi məqbərələrinin freskaları ilə oxşardır.
Alimlər bunu orta əsrlərdə Tibet və Çin arasında mövcud olmuş sıx əlaqələrin əlavə sübutu kimi qiymətləndirirlər. Həmin dövrdə iki dövlət arasında diplomatik nümayəndə heyətlərinin mübadiləsi, sülalə nikahları və hərbi yürüşlər baş verirdi. İndi isə bu əlaqələrin izləri qədim sənətkarların istifadə etdiyi boyaların və tikinti materiallarının tərkibində də üzə çıxıb.
Samir


