Qızılbalığa alternativ balıq: Zülalla zəngindir, yağ və civə miqdarı isə azdır

SAĞLAMLIQ
20:20 / 12.11.2026
28

Qızılbalıq sağlam qidalanma üçün ən çox tövsiyə edilən balıq növlərindən biri olsa da, ona alternativ ola biləcək daha əlçatan məhsullar da var. Dietoloqların diqqət çəkdiyi belə balıqlardan biri adi çay və göl sularında yaşayan xanı balığıdır.

HİT.az xəbər verir ki, bu barədə “ChilliZET” yazıb.

Söhbət şirin su hövzələrində geniş yayılan, karpkimilər fəsiləsinə aid xanı balığından gedir. Mütəxəssislərin diqqət çəkdiyi əsas məqam onun yağsız zülal mənbəyi olmasıdır. Bu balığın əti B qrupu vitaminləri, fosfor, selen və kaliumla da zəngindir.

Xanı balığının əti zərif, şirəli və bir qədər şirin dada malikdir. Onu sobada bişirmək, yağda qızartmaq və ya xama ilə pörtlətmək mümkündür.

Bununla belə, balığın bəzi çatışmazlıqları da var. Ən böyük problemlərdən biri çoxsaylı xırda sümükləridir. Kiçik ölçülü balıqlarda yeyilə bilən ət miqdarı da nisbətən az olur. Bundan başqa, onun tərkibində omeqa-3 yağ turşularının miqdarı yağlı dəniz balıqları ilə müqayisədə xeyli aşağıdır.

Məqalədə qeyd olunur ki, xanı balığını alarkən məhsulun təzəliyinə və mənşəyinə diqqət yetirmək vacibdir. Bu baxımdan ixtisaslaşmış balıq mağazalarına və ya balıqçılıq təsərrüfatlarına üstünlük verilməsi tövsiyə olunur. Xüsusilə balığın tutulduğu su hövzəsinin təmizliyi önəmlidir.

Mütəxəssislər ümumilikdə balığın həftədə ən azı bir-iki dəfə qidalanma rasionuna daxil edilməsini məsləhət görürlər.

Yazıda konservləşdirilmiş sardina da faydalı seçim kimi göstərilir. Klivlend Klinikasının məlumatlarına istinadən bildirilir ki, sardina omeqa-3 yağ turşuları ilə zəngindir. Bu maddələr qanda triqliseridlərin səviyyəsinin azalmasına və ürək sağlamlığının qorunmasına kömək edir. Konservləşdirilmiş Atlantik siyənəyi və şprot da oxşar qida üstünlüklərinə malikdir.

Samir
 

0