Havay adalarının şimalında, Sakit okeanın dibində qeyri-adi geoloji quruluş aşkarlanıb. Görünüşü sarı kərpicdən döşənmiş yolu xatırladan bu təbii formasiya ilk baxışdan qədim sivilizasiyanın izi təsiri bağışlasa da, alimlər onun vulkanik mənşəli olduğunu müəyyənləşdiriblər.
HİT.az xəbər verir ki, bu barədə “Futura Sciences” nəşri məlumat yayıb.
Qeyri-adi quruluş tədqiqat gəmisinin “Nautilus” komandası tərəfindən okean dibinin araşdırılması zamanı qeydə alınıb. Təxminən 1029 metr dərinlikdə yerləşən ərazi uzaqdan idarə olunan sualtı aparatın kamerası vasitəsilə çəkilib.
Maraqlı görüntü canlı yayım zamanı təsadüfən aşkarlanıb. Kameraya düşən dəniz dibi səthindəki hamar və nizamlı çatlar bir-birini kəsərək düzbucaqlı hissələrdən ibarət torabənzər naxış yaradıb. Süxurun sarımtıl rəngi isə bu mənzərəni nağıllardakı “sarı kərpic yolu”na bənzədib.
Lakin alimlərin fikrincə, bu görüntünün arxasında heç bir sirli tikili və ya qədim sivilizasiya dayanmayıb. Geoloji quruluş isti lavanın soyuq okean suyu ilə təması nəticəsində yaranan hialoklastit süxurunun parçalanmış hissəsidir.
Belə ki, lava su ilə təmas etdikdə sürətlə soyuyur. Temperaturun kəskin dəyişməsi nəticəsində süxurun xarici təbəqəsində çatlar əmələ gəlir. Okeanın dərinliklərindəki yüksək təzyiq və temperatur fərqləri də bu prosesə təsir göstərərək çatların həndəsi formalar almasına səbəb olur.
Zaman keçdikcə həmin çatlarda mineral çöküntülər toplanır və ayrı-ayrı süxur parçalarının sərhədləri daha aydın görünür.
Oxşar geoloji formalaşmaya quruda da rast gəlinir. Məsələn, Şimali İrlandiyada yerləşən məşhur Nəhənglər yolu da vulkanik fəaliyyət nəticəsində yaranıb. Burada da təbii proseslər nəticəsində həndəsi görünüşlü süxur strukturları əmələ gəlib.
Beləliklə, Sakit okeanın dibində aşkarlanan “sarı kərpic yolu” qədim sivilizasiyaya aid iz deyil, vulkanik lavanın okean suyu ilə qarşılıqlı təsirinin yaratdığı qeyri-adi təbiət mənzərəsidir.
Samir


