Psixoloq Vüsalə Allahverdiyeva: "Bunu edə bilsək intiharların sayı azalacaq"

MÜSAHİBƏ
18:20 / 11.03.2023
12569

"Təhsilsiz insanlarla işləmək çox çətindir. Çünki siz onlara elmi olaraq nəyisə izah etməyə və ya hansısa sindromla işləməyi çalışırsız, amma bu sizə heç bir nəticə vermir".

Psixoloq Vüsalə Allahverdiyevanın Hit.Az-a müsahibəsini təqdim edirik:


- Vüsalə xanım, necə oldu ki, psixoloq olmaq istədiniz?

- Valideynlərimin biri hüququ, digəri isə tibbi oxumağımı istəyirdi. Düzünü desəm mən də əvvəllər belə şeylərə önəm verən deyildim. Qəbul imtahanına hazırlaşdım. İmtahana az qalmış ixtisas seçimləri oldu. Həmin ixtisaslar arasında psixalogiyanı gördüm. İxtisas seçməkdə kömək edən şəxsə bir-bir sual verdim ki, bunu bitirsəm harada işləyə bilərəm? Psixologiya diqqətimi çox çəkdi. Bəlkə də bu, ixtisası izah edən şəxsdən çox asılıdır. Çünki bu peşəni mənə o qədər gözəl izah etdi ki. Bir ixtisas ki, sənə səndən danışır (gülür). İnsan anatomiyasını kənara qoy, daxili, ruhunun anatomiyasını sənə öyrədir. Sözün əsl mənasında, ixtisasımı çox sevdim. İkinci sevdiyim ixtisas isə hüquqdur. Psixalogiya ixtisasına çox bağlıyam. Ona görə də, bu ixtisası seçib özümü, insanı, insanın ruhunu oxumağı öyrənməyi daha üstün tutdum. Mənə elə gəlir ki, psixologiya elmini dərindən bilən, peşəni sevən insan daha bilikli insandır. Eramızdan əvvəlki dövrünün müdrükü bu insanlardır. 

- Sizə müraciət edən pasientlərin çoxu hansı problemdən əziyyət çəkir?

- Mənim işlədiyim pasientlər işdə olan ağır stressdən, ağır iş qrafikindən yorulan, obssesiyası olan, münasibətlərdə əziyyət çəkənlər və bəzi hallarda yeniyetməlik dövrü olanlardır. Bir məsələni xüsusilə vurğulamaq istərdim ki, keçid dövründə olanlarla işləmək daha çox nəticə verir. 

- Könüllülərlə çalışırsınızmı?

- Müxtəlif dövlət layihələri ilə çalışmışıq. Könüllülərlə çalışmamışam. Amma dövlət layihələri ilə iş birliyimiz olub. 

- Hansı qrupa psixoloji yardım daha çətindir?

- Təhsilsiz insanlarla işləmək çox çətindir. Çünki siz onlara elmi olaraq nəyisə izah etməyə və ya hansısa sindromla işləməyi çalışırsız, amma bu sizə heç bir nəticə vermir. Çünki adamın anlayışı yoxdur. Düzdür, belə insanlar çox azdır. Azərbaycanda əhalinin böyük bir qismi təhsillidir. Ümumiyyətlə belə insanlar mənə müraciət etməyib. 

- Psixoloqun insana yardımı nədən ibarətdir?

- İlk öncə vətəndaş onu narahat edən səbəbi tapmalıdır ki, gəlsin. Biz cəmiyyətdə çox insan görə bilərik ki, bizim ona dəstəyimiz ola bilər. Amma o özü bunu istəyirmi? Bu, çox önəmli nüansdır. Pasient özünü narahat edən problemlə gəlir. Onun üzərində işləyəndə pasientin real problemi nədirsə biz onu görürük. Pasientin gördüyü reallıqla yaşadığı reallıq başqadır. Psixoloqun yardımı ilk növbədə problemin kökünü tapmaq, daha sonra pasientə onu izah edib, onun üzərində işləməkdir. Pasientə psixoloqsuz da həyatda düzgün mövqe tutmağa kömək etmək lazımdır.

- İntihar bəlasına fərqli versiyanız varmı?

- Biz bu halın yaşandığını bilməsək, buna təklifi necə edə bilərik? Ümumi cəmiyyətdə depressiya fonunun, yeniyetmələrə olan basqının azaldılması, valideynlərin övladları ilə daha çox ünsiyyətdə olması, müəllimlərin eyni şəkildə daha nəvazişli və diqqətcil olması önəmlidir. İntihar adətən daha depresiv halda olan, depressiya yaşayan və assosial insanlarda daha çox müşahidə olunur. Qarşısını almaq üçün də valideynlər və müaəllimlərdən asılı olan amillər var. Bu hallar daha çox yeniyetmələrdə olur. Qırx yaş üstü insanlarda isə iflas etdikdə, bütün ailə üzvülərinin vəfatından sonra baş verə bilir. Ona görə də, valideynlər övladlarını daha yaxşı tanımalıdırlar. Keçid dövründə olanlar problemlərini gəlib danışmırlar. Bu səbəbdən valideyn özü övladına zaman ayırmalıdır. Valideyn gərək övladını danışdırsın ki, problemi olan məsələni üzə çıxarıb həll etsin. İntihar həll yolu deyil. Bunu övladlarımıza aşılamaq lazımdır. Əgər bu hal baş verərsə gələcəkdə intiharların sayı sürətli şəkildə azala bilər. Bir sözlə, övladımıza gələcəyə odaklanmağı öyrətməli və hər şeyin bizim əlimizdə olduğunu izah etməliyik.

- Adətən deyirlər ki, daha çox savadlı olan adamın psixoloji problemləri olur. Buna münasibətiniz necədir?

- Əslində belə deyil. Bu, çox yanlış düşüncədir.

- Pasiyentlərinizin arasında ən çox hansı sahənin adamları olub?

- Bu hər bir psixoloqa görə dəyişir. Məndə adətən iş adamları, rəhbər vəzifədə çalışanlar, incəsənətdə çalışanlar, ınfluencerlər, yeniyetmələr və həkimlər daha çoxluq təşkil edir.

- Dəvətimi qəbul edib gəldiyiniz üçün təşəkkür edirəm. 

- Buyurun, xoşdur.

Xəyal Abdullayev

Hit.Az

0