Həbsxanaya düşmüş adam pis insandı? - Psixoloq aydınlaşdırdı

MARAQLI
19:58 / 10.10.2024
524

İnsanlar cəmiyyətdə törətdikləri cinayətə görə qanunla cəzalarını çəkirlər.

Kimisi günahlı, kimisi də günahsız bu cəzaya məhkum olur. 

Maraqlı məqam isə, cəzasını çəkmiş bir şəxs cəmiyyətə qayıtdıqda ona qarşı olan münasibətdir.

Hər kəs anlamalıdır ki, hansısa pis əməlinə görə məhkum olunmuş şəxs artıq bunun cəzasını çəkib. Və yenidən həyatına davam etmək istəyir. 

Maraqlıdır, məhkum olunmuş şəxslər azadlığa çıxanda onlara niyə belə münasibət göstərilir?

Onların cəmiyyətə inteqrasiyasını necə aparmaq lazımdır?

Məsələ ilə bağlı Hit.az-a açıqlama verən psixoloq Sevinc Əliyeva deyib ki, azadlığa buraxılmış şəxslər qıraqda qalıb, cəmiyyətdən təcrid olunarsa, yenidən cinayət törətmə ehtimalı çoxdur:

“Bəzi qurumlar və işə götürənlər məhkumluğu olmuş şəxsləri qəbul etmirlər. Belə düşüncələrin nəticəsi xaotik hadisə ilə sonlanır. Bu davranışlar onları yenidən həbsə qayıtmağa, cinayət törətməyə aparır. Özlərini lazımsız hiss edir və insanlara qarşı aqressiya yaranır. Cəmiyyət həmin şəxslərin insan içinə tezliklə inteqrasiya olunmasına kömək etməlidir. İş müraciəti təmin olunmalı, adi vətəndaş kimi davranılmalıdır. Cəmiyyətdə elə bir düşüncə yaranıb ki, həbsxanaya düşmüş şəxs pis adamdır. Əslində bu yanaşma doğru deyil. Hər bir insan səhv edə və bunun cəzasını çəkə bilər. Heç kim bundan sığortalanmayıb”.

Murad
 

0