İntellekt gələcəyin valyutasıdır. Maşınlar və süni intellekt getdikcə daha çox işi avtomatlaşdırır. Lakin insan zəkası tələb edən tapşırıqları avtomatlaşdırmaq hələ də çətindir.
HİT.az xəbər verir ki, "Oxford Economics"in hesabatına görə, 2030-cu ilə qədər robotlar istehsalat sahəsində 20 milyondan çox iş yerini əvəz edə bilər. Sənaye robotları üçün iş yerlərinin sayı hər il təxminən 14% artır. ABŞ-da iş yerlərinin 25%-dən çoxu yüksək avtomatlaşdırma riski altındadır.
Bu o deməkdir ki, karyera pillələrinin aşağı səviyyəsindəki peşələr tədricən yox olur, əvəzində isə daha çox düşünmə tələb edən yeni işlər yaranır. Yəni bədəni deyil, beyni məşq etdirməyi tələb edən işlər. Buna görə də indi idrak qabiliyyətlərinə diqqət yetirmək həmişəkindən daha vacibdir. “Your Tango”nun yazdığına görə, yüksək IQ-ya sahib insanlar çoxlarının düşünmədən düşdüyü vərdişlərdən uzaq durmağa çalışırlar.
1. Yüksək IQ-lu insanlar nadir hallarda hazır cavab axtarmağa tələsirlər
Mətnin müəllifi tibbə hazırlıq kursunda oxuyarkən müəllim ona vacib bir vərdişi belə izah etmişdi: “Sualları işləyərkən dərhal kitabın sonundakı cavaba baxmayın. Vaxt ayırın, düşünün, müxtəlif yanaşmaları sınayın. Yalnız bütün imkanlarınızı tükətdikdən sonra cavaba baxın”.
Bu yanaşma orta tələbə ilə yüksək nəticə göstərən tələbə arasındakı fərqi izah edir. Hazır cavab tapmaq asandır, lakin bu, beyin üçün ciddi inkişaf yaratmır. Əsl öyrənmə isə problemi özün həll edərkən baş verir.
Amerika Psixoloji Assosiasiyasının araşdırmasına görə, ən effektiv öyrənmə üsullarından biri anlayışların yaddaşda xəritə kimi qurulmasıdır. Yəni mənbəyə davamlı baxmadan düşünmək.
Həyatda da eyni prinsip keçərlidir: problemi dərhal başqasına yönləndirmək və ya internetdə cavab axtarmaq əvəzinə düşünmək zehni inkişaf etdirir.
2. Onlar nadir hallarda qeybətdə iştirak edirlər
“Böyük ağıllar ideyaları müzakirə edir, orta ağıllar hadisələri, kiçik ağıllar isə insanları”, deyə Eleanor Ruzvelt bildirib.
Qeybət tez yayılır, amma tez də unudulur. Bir neçə həftə sonra artıq heç kim onu xatırlamır. Bu isə onun zehni resursların israfı olduğunu göstərir.
Bunun əksinə olaraq ideyalar uzunömürlüdür və böyüyə bilir. Kiçik bir fikir zamanla böyük layihəyə çevrilə bilər. Məsələn, “X” platforması ilkin olaraq sadə bir fikir kimi başlayıb, sonradan milyonlarla istifadəçisi olan qlobal şəbəkəyə çevrilib.
Statistikaya görə, 2024-cü ildə “X” platformasının aylıq aktiv istifadəçi sayı 436 milyon olub və ildə təxminən 200 milyard paylaşım edilir.
Buna görə də yüksək intellektli insanlar enerjilərini qeybətə yox, ideyaların yaradılmasına yönəldirlər.
3. Onlar yeni imkanlara “yox” deməyə meylli deyillər
Bir çox insan yeni insanlara, ideyalara və imkanlara avtomatik “yox” cavabı verir. Bu davranış təkamül dövründən qalan qorunma mexanizmidir.
Lakin müasir dövrdə inkişaf etmək üçün bu refleks çox vaxt maneəyə çevrilir. Tanış olmayan şeylər yeni düşüncə formaları yaradır.
Psixologiya elmi də göstərir ki, yeni təcrübələrə açıq olmaq zehni rifahı və inkişafı artırır. Ona görə də yeni imkanlara açıq olmaq gələcəkdə daha uyğun düşüncə tərzi formalaşdırır.
4. Onlar hər boş anı diqqəti yayındıran şeylərlə doldurmurlar
Müasir insan gün ərzində iş, ailə və digər məsuliyyətlərlə məşğuldur. Boş qalan zaman isə adətən sosial şəbəkələr, seriallar və digər rəqəmsal əyləncələrlə doldurulur.
Bu isə düşünmək üçün vaxtın azalmasına gətirib çıxarır. Halbuki düşünmək məhsuldarlığın görünməyən, lakin vacib hissəsidir.
Araşdırmalara görə, musiqi dinləmək iş zamanı məhsuldarlığı artıra bilər (“The Journal of Music Therapy”). Lakin yüksək intellektə malik insanlar düşünməyə də xüsusi vaxt ayırırlar.
Məsələn, Bill Qeyts uzun müddətli “düşüncə həftələri” ilə məşhurdur.
Məqalədə tövsiyə olunur ki, insanlar:
* konkret problemi seçsin və üzərində düşünsün
* düşünmək üçün vaxt planlasın
* fikirləri yazıya köçürərək onları strukturlaşdırsın
Bu yanaşma zehni daha sistemli işləməyə kömək edir.
Samir


