Əldə əriyən metal alimləri heyrətləndirdi: Çoxillik nəzəriyyələr səhv çıxdı

MARAQLI
19:40 / 28.04.2026
41

Alimlər qalliumun qeyri-adi davranışının sirrini açaraq elm üçün onilliklər boyu müəmmalı qalan bir problemi həll ediblər. 

HİT.az xəbər verir ki, bu barədə "SciTechDaily" nəşri məlumat yayıb.

Uzun müddət belə hesab edilirdi ki, qallium atomları arasındakı kovalent bağlar onun maye vəziyyətə keçməsindən sonra da qalır. Lakin yeni məlumatlara əsaslanan genişmiqyaslı simulyasiyalar bunun əksini göstərib: bu bağlar metalın əriməsi anında yox olur.

Oklend Universitetinin tədqiqatçılarına görə, ən təəccüblü məqam odur ki, sonrakı qızdırılma zamanı bu bağlar yenidən yaranmağa başlayır. Beləliklə, yeni nəticələr 30 ildən artıq elmi ədəbiyyatda üstünlük təşkil edən fərziyyələri təkzib edir.

Bu qeyri-adi davranış metalın qızdırıldıqda elektrik müqavimətinin niyə qeyri-xətti dəyişdiyini izah edir.

Tədqiqatda qeyd olunur ki, burada əsas rol entropiya, yəni nizamsızlıqla bağlıdır. Bağlar qırıldıqda nizamsızlıq kəskin artır, bu isə mayenin sabitləşməsinə və aşağı temperaturda belə maye vəziyyətdə qalmasına imkan verir.

Bundan əlavə, alimlər müəyyən ediblər ki, maye qalliumun səthi heç də xaotik deyil. Maşın öyrənməsi vasitəsilə onun üç atom qat dərinliyində aydın geometrik naxışlara malik olduğu üzə çıxarılıb.

Məqalə müəlliflərinin fikrincə, bu proseslərin anlaşılması gələcəyin elektronikasının, yeni batareyaların və yüksək effektiv katalizatorların yaradılmasına töhfə verə bilər.

Samir
 

0