Sosial şəbəkələrdə bəzən sadə görünən suallar insanlığın ən dərin etik dilemmalarına çevrilir. X platformasında yayılan yeni bir ssenari də məhz belə geniş müzakirəyə səbəb olub.
HİT.az xəbər verir ki, ssenari olduqca sadədir: qarşınızda qırmızı və mavi iki düymə var və bütün dünya gizli səsverməyə qoşulur. Əgər insanların yarıdan çoxu mavi düyməni seçsə, hamı sağ qalır. Amma mavi seçənlərin payı 50 faizdən aşağı olsa, yalnız qırmızı düyməyə basanlar sağ qalır. Bu seçim milyonlarla insanı etik və məntiqi baxımdan iki yerə bölüb.
İnsanlar sosial mediada bir-birlərini inandırmağa çalışarkən, Avstraliyanın Swinburne Texnologiya Universitetindən oyun nəzəriyyəsi mütəxəssisi Stiven Konvay bu vəziyyətə elmi yanaşma gətirib. Onun sözlərinə görə, insanların çoxu cavabın “açıq-aşkar” olduğunu düşünsə də, bu aydınlıq hansı rəngin seçilməli olduğu barədə tam razılıq yaratmır. Bu tip dilemmalar klassik “Trolley problemi” və “Məhbus dilemması” kimi situasiyaların rəqəmsal versiyası sayılır. Mütəxəssislər bildirir ki, belə seçimlər insanın dünyaya baxışını və qərarvermə modelini birbaşa üzə çıxarır.
Qırmızı düymə və fərdi sağ qalma məntiqi
Əgər seçim olaraq qırmızı düyməyə üstünlük verirsinizsə, bu, daha çox fərdi mənafeni ön plana çəkən rasional düşüncə tərzi kimi izah olunur. Qırmızını seçənlərin arqumenti sadədir: mavi çoxluq olarsa da sağ qala bilərəm, azlıq olarsa da. Yəni hər iki halda daha təhlükəsiz seçim qırmızıdır. Oyun nəzəriyyəsində bu yanaşma “Nash tarazlığı” kimi tanınır və fərdin öz maraqlarını maksimum qoruyan rasionallıq forması hesab olunur.
Məşhur kontent yaradıcısı MrBeast-in keçirdiyi oxşar sorğuda iştirakçıların 56 faizi mavi düyməni seçmişdi. Öz həyatını başqalarının qərarına bağlamaq ilk baxışda riskli görünsə də, Conway qeyd edir ki, burada əsas motiv “niyə?” sualıdır. Mavi seçənlər adətən şəxsi deyil, kollektiv nəticəni düşünür və milyonlarla insanın ölüm məsuliyyətindən yayınmaq istəyir. Bu yanaşma daha çox “Pareto-optimal” nəticə və sosial fayda düşüncəsi ilə izah olunur.
Bu müzakirənin bu qədər populyar olmasının səbəblərindən biri də sosial şəbəkə alqoritmlərinin kəskin seçimləri önə çıxarmasıdır. Conway bu prosesi müasir insan üçün “sürətli əxlaqi sınaq” kimi xarakterizə edir. Bir tərəfdə fərdi sağ qalma instinkti, digər tərəfdə isə kollektiv xilas üçün risk almaq dayanır. Hansı düyməni seçəcəyiniz isə dünyaya necə baxdığınızın qısa bir göstəricisinə çevrilir.
Samir


