İsti havalarda evi necə sərin saxlamaq olar? - Alimlər təsirli üsulları açıqladı

MARAQLI
22:34 / 07.07.2026
53

Böyük Britaniyanın Loughborough Universitetinin alimləri isti hava şəraitində evlərin daha sərin saxlanılması üçün ən effektiv üsulları araşdırıblar. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "BBC" tərəfindən dərc edilib.

Araşdırma çərçivəsində alimlər eyni xüsusiyyətlərə malik iki evi müqayisə ediblər. Evlərdən biri heç bir əlavə kölgələndirmə və ya xüsusi avadanlıq olmadan saxlanılıb. Digəri isə xarici günəşdən qoruyucu sistemlə təchiz edilib və yaşayış zamanı insanların yaratdığı istiliyi təqlid edən sensorlarla təchiz olunub.

Universitetin Sağlam Binalar kafedrasının baş müəllimi Ben Roberts bildirib ki, gələcəkdə tikinti şirkətləri yeni yaşayış evlərində xarici günəşdən qoruyucu konstruksiyaların quraşdırılmasını nəzərdə tutmalı ola bilərlər. Onun sözlərinə görə, bu cür həllər artan temperatur və istilik dalğalarının təsirini azaltmağa kömək edə bilər.

Alim qeyd edib ki, kondisionerlərin geniş yayılması elektrik şəbəkələri üçün əlavə yük yaradır.

"Hazırda kondisionerlər bizim üçün müəyyən problemə çevrilir, çünki elektrik şəbəkəsi bu qədər yüksək enerji tələbatını qarşılamaqda çətinlik çəkir. Əgər kondisionerlər kütləvi şəkildə istifadə olunarsa, elektrik infrastrukturunun yenilənməsinə ehtiyac yaranacaq", deyə Ben Roberts bildirib.

Onun sözlərinə görə, iqlim dəyişmələrinin davam etməsi ilə bəzi bölgələrdə, xüsusilə səs-küy və ya hava çirkliliyi səbəbindən pəncərələrin açıla bilmədiyi ərazilərdə kondisionerlərdən istifadə qaçılmaz ola bilər.

Tədqiqatın nəticələri göstərib ki, xarici kölgələndirmə sistemi quraşdırılmış evdə temperatur adi evlə müqayisədə təxminən 6 dərəcə Selsi aşağı olub.

Alimlər həmçinin havalandırma üsullarının da otağın temperaturuna təsirini araşdırıblar.

Ben Robertsin sözlərinə görə, isti havalarda gündüz saatlarında pəncərələri bağlı saxlamaq tövsiyə olunur. O bildirib ki, bu məsləhət ilk baxışda qeyri-məntiqli görünsə də, isti havanın evə daxil olmasının qarşısını almağa kömək edir. Pəncərələri isə havanın sərinləşdiyi axşam və gecə saatlarında açmaq daha məqsədəuyğun hesab edilir.

Samir
 

0