Əksər insanlar ağ işıqlı adi fənərlərdən istifadə etsələr də, müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş başqa növ fənərlər də mövcuddur.
Hit.az xəbər verir ki, “SlashGear” nəşri qırmızı işıqlı fənərlərin əsas üstünlüklərini izah edib.
Məqalədə qeyd olunur ki, qırmızı işıq görünən işıq spektrində ən uzun dalğa uzunluğuna – təxminən 700 nanometrə malikdir. Bu səbəbdən o, insan gözünü daha az qıcıqlandırır və ağ işıqla müqayisədə daha az parıltı yaradır.
Bu xüsusiyyətlərinə görə qırmızı işıqlı fənərlər astronomiyada və digər gecə müşahidələrində geniş istifadə olunur. Elmi araşdırmalar göstərib ki, gözün tor qişasında yerləşən çubuqvari fotoreseptor hüceyrələrin əsas görmə piqmenti olan rodopsin tünd qırmızı işığın təsirinə məruz qalmır. Nəticədə insanın qaranlığa uyğunlaşma qabiliyyəti qorunub saxlanılır.
Astronomlar belə fənərlərdən ulduz xəritələrini oxumaq və teleskopları tənzimləmək üçün istifadə edirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə gecə sənədləri yoxlayarkən görmə qabiliyyətlərinin qaranlığa uyğunlaşmasını pozmamaq üçün qırmızı işıqdan yararlanırlar.
Bundan əlavə, qırmızı işıq siqnal vermək üçün də əlverişlidir, çünki uzaq məsafədən ağ işıq qədər nəzərə çarpmır. Hərbçilər də taktiki əməliyyatlar zamanı gizliliyi qorumaq məqsədilə bu tip fənərlərdən istifadə edirlər.
Nəşrin məlumatına görə, qırmızı işıqlı fənərlər ovçuluqda və vəhşi təbiətin müşahidəsində də tətbiq olunur. Bir çox məməli heyvan rəngləri insanlar kimi qəbul etmədiyi üçün bu işıq onları daha az qorxudur və qaçmağa vadar etmir.
Qırmızı işıqlı fənəri sadə vasitələrlə də hazırlamaq mümkündür. Bunun üçün iki AA batareyası, 3 voltluq LED, kağız sıxacı və ya folqa, həmçinin izolyasiya lenti kifayətdir. LED işıqlı kiçik fənəri kibrit qutusunda da hazırlamaq mümkündür.
Samir


