Emosional yetkinlik insanın münasibətlərinə, özünəqiymətləndirməsinə və stressin öhdəsindən gəlmək bacarığına birbaşa təsir göstərir. Psixoloqlar bildirirlər ki, emosional cəhətdən yetişməmiş insanlar ətrafdakılarla münasibətlərdə etimadı sarsıda biləcək davranışlar nümayiş etdirirlər.
Hit.az xəbər verir ki, bu barədə “YourTango” nəşri yazıb.
Mütəxəssislər emosional yetişməmişliyə işarə edə biləcək dörd əsas davranış xüsusiyyətini qeyd edirlər.
Həmişə müdafiə mövqeyi tuturlar
Psixoloqların sözlərinə görə, belə insanlar istənilən tənqidə həddindən artıq həssas reaksiya verirlər. Onlar iradları sakit şəkildə dinləmək və təhlil etmək əvəzinə özlərinə bəraət qazandırmağa çalışır, qarşı tərəfi ittiham edir, passiv aqressiya nümayiş etdirir və ya ümumiyyətlə söhbətdən yayınırlar.
Mütəxəssislər vurğulayırlar ki, müdafiə reaksiyası müəyyən hallarda normal sayılsa da, emosional cəhətdən yetkin insan öz hisslərini qəbul etməyi və sakit, hörmətli şəkildə cavab verməyi bacarır. Daim müdafiə mövqeyi tutmaq isə zamanla münasibətlərə mənfi təsir göstərir və insanların səmimi rəy bildirmək istəyini azaldır.
Münaqişələrdən qaçırlar
İlk baxışdan belə görünə bilər ki, bu insanlar sadəcə mübahisələri sevmirlər. Lakin psixoloqlar hesab edirlər ki, onlar əslində münaqişədən deyil, onun yarada biləcəyi xoşagəlməz hisslərdən qaçmağa çalışırlar.
Nəticədə vacib söhbətləri təxirə salır, müxtəlif bəhanələr gətirir və problem onları narahat etsə belə, susmağa üstünlük verirlər. Ekspertlərin fikrincə, emosional cəhətdən yetkin insanlar qərarlarını qorxu və ya narahatlıq hissinə görə deyil, öz dəyərlərinə əsaslanaraq qəbul edirlər.
Öz emosiyalarını görməzdən gəlirlər
Digər geniş yayılmış xüsusiyyət isə insanın öz hisslərini inkar etməsidir. Belə insanlar özlərini inandırmağa çalışırlar ki, hər şey qaydasındadır, narahatlıq, kədər və ya qəzəb hisslərini hətta yaxınlarından da gizlədir və bu emosiyalar barədə düşünməkdən yayınırlar.
Psixoloqlar xəbərdarlıq edirlər ki, bu davranış yalnız qısamüddətli rahatlıq yaradır. Zaman keçdikcə ifadə olunmayan emosiyalar xroniki stressə, daxili gərginliyə və münasibətlərdə problemlərə səbəb ola bilər.
Onların sözlərinə görə, xoşagəlməz emosiyalar özlüyündə mənfi hal deyil. Kədər itki hissini, utanc səhvləri dərk etməyi, qəzəb isə şəxsi sərhədləri qorumaq ehtiyacını göstərə bilər.
Daim təsdiq və dəstəyə ehtiyac duyurlar
Dördüncü xüsusiyyət insanın öz dəyərini başqalarının təsdiqinə bağlamasıdır. Belə insanlar mütəmadi olaraq tərəfdaşlarından, dostlarından və ya yaxınlarından tərif, dəstək və təsdiq gözləyir, emosional vəziyyətlərinə görə məsuliyyəti onların üzərinə qoyurlar.
Ekspertlər qeyd edirlər ki, yaxın insanların dəstəyi vacib olsa da, bu, insanın özünəinam mənbəyinə çevrilməməlidir. Emosional cəhətdən yetkin insan hisslərinin öhdəsindən əksər hallarda özü gəlməyi bacarır və yalnız həqiqətən ehtiyac olduqda kömək istəyir.
Psixoloqlar vurğulayırlar ki, emosional yetkinlik tədricən formalaşır. Bu xüsusiyyət insanın öz emosiyalarını qəbul etməsi, geribildirimi sakit qarşılaması, çətin söhbətlərdən çəkinməməsi və psixoloji rifahına görə məsuliyyət daşıması sayəsində inkişaf edir.
Samir


