Bir çox pişik sahibi hesab edir ki, ev heyvanlarının bir-birini yalaması onların güclü dostluğunun əlamətidir. Lakin yeni araşdırma göstərib ki, bu davranış hər zaman sevgi və bağlılıq ifadəsi deyil.
HİT.az xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, Belçikanın Gent Universitetində heyvan davranışlarını araşdıran Morqan Van Belle 53 ev təsərrüfatında yaşayan 106 pişiyin iştirak etdiyi video görüntüləri təhlil edib. Tədqiqat zamanı mütəxəssislər dörd davranış göstəricisini – ünsiyyət və qarşılıqlı əlaqə formalarını, bədən duruşu və hərəkətlərini, qulaqların vəziyyətini, eləcə də quyruq hərəkətlərini qiymətləndiriblər.
Araşdırma göstərib ki, qarşılıqlı yalamanın təxminən 20 faizi qulaq nahiyəsinə təsadüf edir. Bu zaman yalanan pişiklər tez-tez qulaqlarını geriyə çəkiblər ki, bu da narahatlıq və ya qorxu əlaməti ola bilər.
Bundan əlavə, halların 87 faizində pişiklər bir-birinin baş və boyun nahiyəsini yalayıblar. Bu hissələr heyvanların özlərinin çatmasının ən çətin olduğu bölgələrdir. Alimlərin fikrincə, bu davranışın əsas funksiyası gigiyenik qulluqdur.
Bununla yanaşı, videolarda yalanan pişiklərin qulaqlarını geriyə çəkməsi, başlarını silkələməsi, bəzi hallarda isə onları yalayan pişiyi dişləməsi də müşahidə olunub. Tədqiqatçılar hesab edirlər ki, bəzi hallarda yalama fiziki təması məcbur etmək və ya dominantlıq nümayiş etdirmək vasitəsi kimi istifadə oluna bilər.
Əgər pişik qarşı tərəfi eyni şəkildə yalamırdısa, onun bədən dili çox vaxt belə təmasa maraqlı olmadığını göstərirdi.
Bununla belə, Morqan Van Belle bu davranışın aqressiya əlaməti olduğunu düşünmür. Onun sözlərinə görə, pişiklər münaqişələri çox incə şəkildə həll edir ki, bu da onların ağıllı və çevik davranış nümayiş etdirdiyini göstərir.
Tədqiqatçını bu araşdırmanı aparmağa məhz öz ev pişikləri ilhamlandırıb. O müşahidə edib ki, pişiklər günəşli yerdə uzanmaq üstündə mübahisə etdikdə onlardan biri rəqibinə hücum etmək əvəzinə onu yalamağa başlayır.
Araşdırma həmçinin pişiklər arasında həqiqi sosial bağlılığın da mövcud olduğunu göstərib. Alimlər 53 pişik cütlüyündən 13-də qarşılıqlı əməkdaşlıq davranışı qeydə alıblar ki, bu da güclü sosial əlaqələrin formalaşdığını göstərə bilər.
Beləliklə, qarşılıqlı yalama hər zaman dostluq əlaməti deyil. Bu davranış bəzən gigiyenik qulluq, bəzən gizli rəqabət, bəzi hallarda isə həqiqətən də etibar və sosial bağlılığın ifadəsi ola bilər.
Samir


