Özünü həddindən artıq bəyənən və daim diqqət mərkəzində olmaq istəyən hər rəhbər iş yerində problem yaratmır. Yeni araşdırma göstərib ki, narsisizmin iki fərqli forması var və onların əməkdaşların davranışına təsiri bir-birindən ciddi şəkildə fərqlənir.
HİT.az xəbər verir ki, bu nəticəyə Çinin Quansi Elm və Texnologiya Universitetinin psixoloqları gəlib. Tədqiqatın nəticələri “Frontiers in Psychology” jurnalında dərc olunub.
Araşdırmada narsisizm iki istiqamətdə nəzərdən keçirilib. Birinci tip “heyranlıq” adlandırılır. Bu xüsusiyyətə malik insanlar özlərini üstün hesab edir, diqqət mərkəzində olmağa və başqalarının rəğbətini qazanmağa çalışırlar. İkinci tip isə “rəqabət” kimi təsnif edilir. Bu qrupa daxil olan şəxslər öz üstünlüklərini qorumaq üçün başqalarını alçaltmağa və onların nüfuzuna xələl gətirməyə meyilli olurlar.
Tədqiqat çərçivəsində Çində fəaliyyət göstərən şirkətlərdən 74 rəhbərin davranış xüsusiyyətləri qiymətləndirilib. Daha sonra onların 625 əməkdaşı arasında sorğu keçirilib. İşçilərdən iş mühitində özlərini nə dərəcədə rahat hiss etdikləri, şirkətin fəaliyyətinə bağlılıqları və iş yerlərini itirmək qorxusu barədə məlumat verilməsi istənilib. Bir ay sonra isə həmin əməkdaşların kollektiv daxilində davranışları yenidən araşdırılıb.
Nəticələr göstərib ki, narsisizmin “rəqabət” tipinə malik rəhbərlərin tabeliyində çalışanlar daha çox ofisdaxili intriqalara meyil edirlər. Buraya şəxsi maraqlar naminə gizli ittifaqlar qurmaq, özünü rəhbərliyin gözündə ön plana çıxarmaq və manipulyasiyalardan istifadə etmək daxildir.
Özünə heyranlıq üzərində qurulan digər narsisizm tipinə malik rəhbərlərin kollektivlərində isə əks mənzərə müşahidə olunub. Belə işçilər şirkətin fəaliyyətinə daha çox cəlb olunur və şəxsi maraqlar naminə gizli mübarizələrə daha az vaxt sərf edirlər.
Alimlər vurğulayırlar ki, bu təsirlər işçilərin iş yerini itirmək qorxusundan da asılıdır. Belə narahatlıq rəqabətçi narsisizmin mənfi təsirini gücləndirir, rəhbərin özünəinamı və diqqət mərkəzində olmaq istəyinin kollektivə müsbət təsirini isə zəiflədir.
Tədqiqat müəllifləri hesab edirlər ki, rəhbər vəzifələrə təyinat zamanı namizədin narsist olub-olmaması ilə kifayətlənmək düzgün deyil. Onun narsisizminin hansı formada təzahür etdiyini də nəzərə almaq lazımdır.
Araşdırma göstərir ki, iş yerində intriqaların yaranmasında təkcə əməkdaşlar arasındakı rəqabət deyil, rəhbərin şəxsiyyət xüsusiyyətləri də mühüm rol oynaya bilər.
Samir


