Bəzi insanlar yaşlarından asılı olmayaraq ətrafdakılara daha yetkin, təmkinli və müdrik görünürlər. Onlar dərin söhbətlərə üstünlük verir, tək qalmaqdan çəkinmir, dəbə uyğunlaşmağa çalışmır və həyatın kiçik sevinclərindən zövq almağı bacarırlar. Psixologiyada belə insanlar bəzən “qoca ruh” (old soul) adlandırılır.
HİT.az “Parade” nəşrinə istinadən xəbər verir ki, amerikalı psixoloq Şennon Franklin bu xüsusiyyətə malik insanları fərqləndirən altı əsas əlaməti açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, “qoca ruh” anlayışı insanın yaşına uyğun gözləniləndən daha müdrik və yetkin təsir bağışlamasını ifadə edir. Belə insanlar adətən mənalı söhbətlərə, səmimi münasibətlərə üstünlük verir, mühüm qərarları isə diqqətlə düşünərək qəbul edirlər.
Qeyd olunur ki, bu anlayış tibbi və ya psixoloji diaqnoz deyil. Bununla belə, belə insanlarda emosional yetkinlik, empatiya və öz hisslərini yaxşı anlamaq kimi xüsusiyyətlər müşahidə oluna bilər.
1. Səthi söhbətlərdənsə, dərin müzakirələri sevirsiniz
“Qoca ruh” sahibi insanlar üçün ünsiyyət sadəcə gündəlik hadisələri müzakirə etməkdən ibarət deyil. Onlar qarşı tərəfin düşüncələrini, hisslərini və həyata baxışını anlamağa çalışırlar. Belə insanlar möhkəm və uzunmüddətli münasibətlər qurmağa daha çox əhəmiyyət verirlər.
2. Tək qalmaqdan zövq alırsınız
Bu insanların digər xüsusiyyəti özləri ilə baş-başa qalmaqdan narahatlıq keçirməmələridir. Onlar təklikdən düşünmək, hisslərini təhlil etmək və baş verənləri dəyərləndirmək üçün istifadə edirlər. Belə insanlar üçün tək qalmaq mütləq tənhalıq demək deyil, əksinə, daxili rahatlıq mənbəyidir.
3. Reaksiya verməzdən əvvəl düşünürsünüz
Emosional yetkinlik də “qoca ruh”un əsas göstəricilərindən sayılır. Bu insanlar mübahisə və ya gərgin vəziyyətlərdə dərhal reaksiya vermək əvəzinə, əvvəlcə hadisəni təhlil etməyə çalışırlar. Qəzəb və narahatlığın səbəblərini anlamaq, təmkinli davranmaq və düşünülmüş qərarlar vermək onların fərqləndirici cəhətlərindəndir.
4. Başqalarında təəssürat yaratmağa ehtiyac duymursunuz
Belə insanlar ətrafdakıların təsdiqini qazanmaq üçün özlərini dəyişməyə çalışmırlar. Onlar dəbin, sosial tendensiyaların və başqalarının gözləntilərinin təsiri altında qərar verməkdənsə, şəxsi dəyərlərinə uyğun yaşamağa üstünlük verirlər. Psixoloqun fikrincə, bu xüsusiyyət özünəinam və insanın kimliyini yaxşı tanıması ilə əlaqəli ola bilər.
5. Başqalarının hisslərini yaxşı anlayırsınız
Empatiya “qoca ruh” sahibi insanların daha bir mühüm xüsusiyyətidir. Ətrafdakılar çətin vəziyyətə düşdükdə onlardan dəstək istəyirlərsə, bu, həmin insanın dinləmək və anlamaq bacarığından xəbər verə bilər. Onlar qarşı tərəfi tələsik mühakimə etmir, hətta insan hisslərini açıq ifadə etmədikdə belə, onun narahatlığını sezə bilirlər.
6. Xoşbəxtliyi sadə şeylərdə tapırsınız
Bu insanların sonuncu xüsusiyyəti gündəlik həyatın kiçik sevinclərini qiymətləndirmələridir. Onlar yaxşı kitab oxumaqdan, bir fincan qəhvədən və yaxınları ilə vaxt keçirməkdən zövq ala bilirlər. Xoşbəxtliklərini bahalı alış-verişdən və ya böyük hadisələrdən asılı vəziyyətə salmırlar.
Psixoloqun yanaşmasına görə, bu altı xüsusiyyət insanın emosional yetkinliyini, özünü tanımasını və ətrafdakılarla münasibətlərə baxışını əks etdirə bilər. Lakin “qoca ruh” elmi diaqnoz deyil, daha çox insanın xarakterini təsvir edən şərti ifadədir.
Samir


