Heç kim bunun səbəbini bilmirdi. Şimpanze və bonobolar üzərində aparılan yeni elmi araşdırma onların qida uğrunda rəqabət başlamazdan əvvəl nümayiş etdirdiyi diqqətçəkən davranışın səbəbini ortaya çıxarıb.
HİT.az xəbər verir ki, ilk baxışda bu davranış adi sevgi nümayişi kimi görünür. Lakin alimlərin yeni araşdırması göstərib ki, bu hərəkətlərin arxasında gözlənilməz bir məqsəd dayanır.
Uzun illər sadə davranış kimi qəbul edilən qucaqlaşma, toxunma və öpüşmə kimi hərəkətlərin əslində qrup daxilində münasibətləri tənzimləyən mühüm funksiyaya malik olduğu müəyyən edilib.
Qucaqlaşma, toxunma və öpüşmə: şimpanzelərin davranışı təsadüfi deyil
Alimlər müəyyən ediblər ki, şimpanze və bonobolar qida uğrunda rəqabət kimi stresli vəziyyətlərdən əvvəl bir-birinə toxunur, qucaqlaşır və öpür.
Bu sosial davranışlar qrup daxilində rəqabəti azaldır və qarşılıqlı dözümlülüyü artırır.
Böyük Britaniyanın Durham Universiteti, Almaniyanın Konstanz Universiteti, Niderlandın Utrext Universiteti və ABŞ-ın Nyu-York universitetlərindən olan tədqiqatçılar şimpanze və bonoboların mümkün qarşıdurmadan əvvəl göstərdiyi sosial davranışları araşdırıblar.
Alimlər səbəbi ilk dəfə müəyyən edib
Tədqiqatçılar Konqo Demokratik Respublikasında və Zambiyada yarı təbii şəraitdə yaşayan şimpanze və bonobolar üzərində təcrübə aparıblar.
Təcrübə zamanı heyvanların təbii qidalanma şəraitini təqlid etmək üçün yerfındığından istifadə edilib.
Araşdırma çərçivəsində meymunların yemək verilməzdən əvvəl bir-biri ilə qurduğu fiziki təmaslar qeydə alınıb və məhdud miqdarda qida ilə birlikdə qidalanma davranışları qiymətləndirilib.
Münaqişənin qarşısını alan gizli üsul üzə çıxıb
Təcrübə zamanı bəzi şimpanze və bonoboların ardıcıl şəkildə bir-birini qucaqlayaraq “təhlükəsizlik zəncirləri” yaratdığı müşahidə edilib.
Bir-biri ilə dostyana fiziki təmas quran heyvanların qidaya daha asan çıxış etdiyi və birlikdə yemək yediyi müəyyən olunub.
Araşdırmanın nəticəsinə görə, şimpanze və bonobolar qida uğrunda rəqabətdən əvvəl toxunma, qucaqlaşma və öpüşmə kimi davranışlarla qrup daxilində qarşıdurmanı azaldır və birlikdə qidalanma zamanı daha yüksək uyğunluq nümayiş etdirirlər.
Alimlər qeyd ediblər ki, dostyana fiziki təmas qısa müddətdə rəqabəti azaldan və dözümlülüyü təşviq edən davranış mexanizmi ola bilər.
Tədqiqatda bu davranışların rəqabət və əməkdaşlıq arasındakı tarazlığın qorunmasında mühüm rol oynadığı vurğulanıb.
Araşdırmanın nəticələri “Proceedings of the Royal Society B: Biological Sciences” jurnalında dərc olunub.
Samir


