Alimlər həşəratların təkamülünü izah edən qəribə canlı tapdı

MARAQLI
20:59 / 02.09.2026
52

324 milyon il yaşı olan fosilin yeni tədqiqi göstərir ki, həşəratlar sudan quruya qəfil keçməyib, uzunmüddətli amfibiya və ya yarımsu mərhələsindən keçərək tədricən uyğunlaşıblar. 

HİT.az xəbər verir ki, bu barədə "Interesting Engineering" yazır.

Nəşrin məlumatına görə, fosil uzun müddət muzey arxivlərində yanlış identifikasiya səbəbindən diqqətdən kənarda qalıb. Paleontoloqlar onun qədim xərçəngkimilərdən birinin balasına aid adi qalıqlar olduğunu düşünürdülər. Lakin yanılıblar.

Beynəlxalq tədqiqat qrupu müəyyən edib ki, fosil əslində xərçəng və ya krevet balası deyil, 24 ətrafı olan qədim həşərata aid olub. Canlıya Chosha praecursor adı verilib. Qalıqlar 324 milyon il əvvələ, Missisip dövrünün sonlarına aid çöküntülərdə, Texasın qərbindəki Tesnus formasiyasında aşkarlanıb.

"Bu qədim canlının avarşəkilli qarın ətrafları həşəratların quruya uzunmüddətli yarımsu mərhələsindən keçərək çıxdığını göstərən birbaşa fosil sübutudur", - nəşrdə qeyd olunur.

Genetik məlumatlar daha əvvəl göstərirdi ki, ilkin həşəratlar dəniz mənşəli əcdadlarından Kembri-Ordivik dövründə ayrılıblar. Lakin tamamilə quru həyatına uyğunlaşmış həşərat fosilləri daha sonrakı dövrlərdə çoxsaylı şəkildə ortaya çıxıb. Chosha praecursor isə bu təkamül boşluğunu doldurur.

Canlının bədən quruluşu olduqca qeyri-adi olub. Ümumi uzunluğu 49,66 millimetr təşkil edən bu növ altıayaqlı həşəratların xarakterik xüsusiyyətlərini – yeriməyə uyğun ayaqları, quyruq çıxıntısını və yumurtaqoyanı – özündə birləşdirib.

Canlının quyruğu da daxil olmaqla uzunluğu təxminən 5 santimetr olub. O, anatomik baxımdan hibrid xüsusiyyətlərə malik idi. Qarının hamar və axıcı formasının əvəzinə, 1-ci seqmentdən 9-cu seqmentədək qarın çıxıntıları yerləşirdi, arxa ətrafları isə avarlara bənzəyirdi.

"Heç bir müasir həşəratda buna bənzər xüsusiyyət yoxdur. Bu avarlar quru səthində sürətlə hərəkət etmək üçün deyil, üzmək üçün yaranmışdı", - "Interesting Engineering" yazır.

Alimlərin fikrincə, qədim sahilyanı deltaların çöküntülərində tapılan bu unikal anatomiya C. praecursor-un quru ilə su arasında amfibiya, yarımsu həyat tərzi sürdüyünü təsdiqləyir. Canlı dayaz sularda avar kimi ətrafları ilə üzür, rütubətli sahillərdə isə sürünürdü. Qidalanmasının əsasını çürümüş bitkilər və göbələk sporları təşkil edirdi.

Samir

0