Hər kəs yağışı fərqli qarşılayır.
Yağış kimisi üçün romantik pəncərə mənzərəsi, başqasına görə isə planları pozan xoşagəlməz sürprizdir. Lakin bir anlıq göy üzünün bütün su ehtiyatını bağladığını və buludların yerüzünə tək damla belə göndərmədiyini təsəvvür edin. İlk baxışda bitməyən yay mövsümü kimi görünən bu ssenari, əslində planetin bioloji saatının anındaca dayanması deməkdir.
Bəs yağış yağmasa nə baş verər? Hit.az bu suala cavab axtarıb...
İlk növbədə təbii filtr yox olacaq
Göydən süzülən su damcıları atmosferi nəhəng bir tozsoran kimi təmizləyir. Yağış kəsilsəydi, havadakı çirk, korruziya tullantıları və toz asılı vəziyyətdə qalaraq səmanı boz bir pərdə ilə örtərdi. Şəhərlərdə təmiz nəfəs almaq lüksə çevrilərdi.
Yerin hərarət balansı pozulardı
Yağış planetin təbii soyutma sistemidir. Buxarlanan su havanın temperaturunu tənzimləyir. O olmasaydı, quru torpaq günəş şüalarını süngər kimi udar, nəticədə qlobal istiləşmə idarəolunmaz həddə çatar, torpaq haçalanaraq qum dənizlərinə çevrilərdi.
Səssiz çaylar və itən elektrik
Şirin su mənbələri yalnız içmək üçün deyil, həm də enerji üçün həyatidir. Çayların quruması su elektrik stansiyalarını sıradan çıxarar, dünya eyni vaxtda həm susuzluq, həm də enerjisizlik qaranlığına qərq olardı.
Flora və faunanın kəskin mutasiyası
Meşələrin məhvi ilə qida zənciri qırılardı. Suda-quruda yaşayanlar və şirin su canlıları tamamilə yox olar, yerüzündə yalnız kaktus kim bərk qabıqlı bitkilər və ekstremal şəraitə dözümlü həşəratlar hökmranlıq edərdi.
Unutmayın ki, göydən düşən hər damla əslində yerüzündəki həyatın fasiləsiz dövr etməsini təmin edən ən böyük möcüzədir. Yağışın kəsilməsi havanın sadəcə quru olması deyil, təbiətin bütün rənglərini itirərək boz bir səhraya çevrilməsidir...
Pərviz


