Miçiqan Universitetinin alimləri ayrılıqdan yaranan ağrının sadəcə məcazi ifadə olmadığını müəyyənləşdiriblər.
HİT.az xəbər verir ki, bu barədə “Silicon Canals” yazıb.
Tədqiqata psixoloq İtan Kross həmkarları Mark Berman, Uolter Mişel, Edvard Smit və Tor Veygerlə birlikdə rəhbərlik edib. Eksperiment üçün yaxın zamanda partnyorunun təşəbbüsü ilə ayrılmış və hələ də bu hadisəni kəskin şəkildə yaşayan 40 nəfər seçilib.
İştirakçıları MRT aparatına yerləşdirərək onlara növbə ilə iki müxtəlif qıcıqlandırıcı göstərilib: keçmiş partnyorun fotosu və ön qola ağrı həddinə yaxın intensivlikdə qısa müddətli istilik təsiri. Bu hiss əldə həddindən artıq isti qəhvə fincanını saxlamağa bənzədilib.
Skan nəticələri göstərib ki, hər iki təcrübə — keçmiş partnyorun fotosuna baxmaq və fiziki yanma hissi — beynin eyni nahiyələrini, ikincili somatosensor korteksi və insula qabığının arxa hissəsini aktivləşdirib. Üstəlik, bu nəticə eyni insanlarda və eyni MRT seansı zamanı müşahidə olunub.
Müqayisə üçün tədqiqatçılar iştirakçılara dostlarının fotosunu da göstərib və xoş birgə hadisə ilə bağlı xatirələrini yada salıblar. Həmçinin ağrı yaratmayan istilik təsirindən istifadə edilib. Bu yanaşma əvvəlki tədqiqatlarda olduğu kimi müxtəlif qrupları müqayisə etmək əvəzinə, hər bir insanın öz reaksiyasını qiymətləndirməyə imkan verib.
Lakin bütün alimlər bu şərhlə razılaşmayıb. Tədqiqatçılar Can Domeniko İannetti və Andre Muro həmkarlarının nəticələrini tənqid edərək qeyd ediblər ki, beynin həmin nahiyələri yalnız ağrı zamanı deyil, hər hansı gərgin və ya emosional baxımdan yüklü vəziyyətlərdə də aktivləşir.
Onların fikrincə, beyin aktivliyindəki bu oxşarlıq ağrı hisslərinin eyniliyindən daha çox “vacib və xoşagəlməz bir hadisə baş verdi” şəklində ümumi siqnala işarə edir.
Buna cavab olaraq Kross və həmmüəllifləri bildiriblər ki, onlar beyin reaksiyasını təsadüfi emosional qıcıqlandırıcı ilə deyil, intensivliyi və əhəmiyyəti əvvəlcədən uyğunlaşdırılmış istilik ağrısı ilə müqayisə ediblər. Onların fikrincə, bu, reaksiyanın sadəcə ümumi narahatlıqdan daha konkret olduğunu göstərir.
Alimlər arasında müzakirələr hələ də davam edir.
Samir


