Bu gün tarixin vərəqlərində 8 sentyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.
Həmçinin, 8 sentyabr bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü, Beynəlxalq Savadlılıq Günü, Maltada Qələbə Günü, Şimali Makedoniyada Müstəqillik Günü, Rusiyada isə Rusiya Xalqlarının Dilləri Günüdür. Beləliklə, tarixin 8 sentyabrına nəzər salırıq.
8 sentyabrda baş verənlər:
1991-ci ildə Azərbaycanda ilk dəfə prezident seçkiləri keçirilib. 1636-cı ildə Harvard Universiteti təsis olunub. 1974-cü ildə Votergeyt qalmaqalı fonunda ABŞ prezidenti Cerald Ford eks-prezident Riçard Niksonun əfv fərmanını imzalayıb.
8 sentyabrda doğulanlar:
1474-cü ildə italiyalı şair Ludoviko Ariosto, 1588-ci ildə fransız riyaziyyatçı Maren Mersenn, 1779-cu ildə Osmanlı sultanı IV Mustafa, 1841-ci ildə çex bəstəkar Antonin Dvorjak, 1906-cı ildə sovet aktrisası Yelena Taryeva, 1910-cu ildə fransız aktyor Jan Lui Barro, 1946-cı ildə Nobel mükafatçısı, türk mikrobioloq Əziz Səncər və 1979-cu ildə amerikalı müğənni Pink dünyaya gəlib.
8 sentyabrda vəfat edənlər:
1991-ci ildə xalçaçı-rəssam Lətif Kərimov, 2001-ci ildə Milli Məclisin II çağırış deputatı Nağı Əbdüləzimov, 2006-cı ildə Udi əsilli yazıçı Georgi Keçaari və 2015-ci ildə kamança ifaçısı Habil Əliyev dünyasını dəyişib.
Həmçinin, 1811-ci ildə alman zooloq və botanik Peter Simon Pallas, 1882-ci ildə fransız riyaziyyatçı Jozef Liuvill, 1922-ci ildə fransız rəssam Leon Bonna, 1949-cu ildə alman bəstəkar Rixard Ştraus, 1981-ci ildə yaponiyalı nəzəri fizik Hideki Yukava, 1999-cu ildə sovet aktyoru Vladimir Samoylov, 2003-cü ildə alman kinorejissor Leni Rifenştal, 2010-cu ildə israilli generalı İsrail Tal, 2012-ci ildə rusiyalı aktyor Aleksandr Belyavski və 2022-ci ildə Birləşmiş Krallıq kraliçası II Elizabet vəfat edib.
Pərviz


