Cütlüklər arasında mübahisənin böyüməsinin qarşısını almaq üçün tərəflərdən birinin haqlı olduğu iradı vaxtında qəbul etməsi kifayət edə bilər. Psixoloq Mark Travers bunun münaqişənin gərginliyini azaltmağa və tərəflərin qarşılıqlı ittihamlardan uzaqlaşmasına kömək etdiyini bildirib.
HİT.az xəbər verir ki, bu barədə amerikalı psixoloq Mark Travers “CNBC” üçün yazdığı məqalədə danışıb.
Mütəxəssis bu üsulu “qismən güzəşt” adlandırıb. Onun sözlərinə görə, mübahisə əvvəlcə konkret məsələ ilə bağlı başlasa da, sonradan tərəflər bir-birinin xarakterini tənqid etməyə və keçmiş səhvləri gündəmə gətirməyə başlayırlar. Nəticədə əsas problem arxa plana keçir, hər kəs öz haqlılığını sübut etməyə çalışır.
Traversin fikrincə, qarşı tərəfin haqlı olduğu məqamı etiraf etmək mübahisənin böyüməsinin qarşısını ala bilər. Məsələn, “Bu məsələdə haqlısan, səhv etmişəm”, “Sənə əvvəlcədən xəbər verməli idim” və ya “Bu qərarı səninlə məsləhətləşmədən verməməliydim” kimi ifadələr gərginliyi azaltmağa kömək edə bilər.
Psixoloq bu üsuldan düzgün istifadə etmək üçün dörd qaydaya əməl etməyi tövsiyə edir. İlk növbədə, insan öz səhvini ümumi ifadələrlə deyil, konkret şəkildə etiraf etməlidir. İkincisi, etirafın ardınca “amma” sözünü işlətməmək vacibdir. Travers qarşı tərəfin fikrini qəbul etdikdən sonra təxminən 90 saniyə gözləməyi, daha sonra digər arqumentləri müzakirə etməyi məsləhət görür.
Bundan başqa, haqlı iradı etiraf etməyi mübahisənin sonrakı mərhələlərinə saxlamaq əvəzinə, bunu vaxtında etmək tövsiyə olunur. Psixoloq vurğulayır ki, insan ümumi məsələdə haqlı olsa belə, konkret davranışında səhv edə bilər. Həmin səhvi qəbul etmək öz mövqeyindən tamamilə imtina etmək demək deyil. Əksinə, bu yanaşma tərəflərə kimin qalib gələcəyini müəyyənləşdirmək əvəzinə, problemi həll etməyə və münasibətləri qorumağa imkan yaradır.
Samir


