Sakinlərin kütləvi narazılığına səbəb nə imiş? -  İH aydınlıq gətirdi 

ÖLKƏ
17:56 / 18.05.2020
1233
Xəzər Rayon İcra Hakimiyyəti 18 may 2020-ci il tarixində KİV-də yayımlanan “Macəra dolu Bakı qəsəbəsi” başlıqlı və “Evə getmək ekstrimə çevrilib” yarımbaşlıqlı videomateriala münasibət bildirib.
 
İH-dən HİT.Az- daxil olan açıqlamanı təqdim edirik: 

“Süjetdə bir qrup yerli sakin yaşadıqları ərazidə yolsuzluqdan və qrunt suları nəticəsində ərazidə yaranmış gölməçələrdən, evlərin zirzəmilərinə dolan çirkab sulardan əzyyət çəkdiklərindən və kanalizasiya xəttlərinin olmaması kimi problemlərdən söz açmışdılar. Videoreportajda qeyd olunan ərazi Xəzər rayonunun Binə və Qala qəsəbələrinin sərhədində yerləşən “Bakavtomat yolu” adlanan yaşayış massivinin ərazisidir.
 
Məlumat üçün bildiririk ki, sözügedən sahələrdə 2006-cı ildən etibarən plansız şəkildə fərdi yaşayış evlərinin tikintisinə başlanılıb və hazırda ərazidə 300-ə yaxın ev təsərrüfatı və 900 nəfər əhali yaşayır. Son illər ərzində yeraltı qrunt sularının səviyyəsinin qalxması və atmosfer yağıntılarının çoxalması nəticəsində bu ərazidə su basma prosesi aktivləşib. Nəticədə ətrafda yaşayan sakinlərin evləri, zirzəmiləri və həyətyanı sahələri su ilə dolaraq vətəndaşların yaşayış şəraitlərini mümkünsüz hala gətirib. Bu da öz növbəsində sakinlərin kütləvi narazılığına səbəb olub.

Xəzər RİH-nin təşəbbüsü ilə “Azərsu” ASC tərəfindən 4 ədəd beton dairə, 2 ədəd beton plitə quraşdırılmış və yığılan yağış sularının nasos vasitəsilə kənarlaşdırılması üçün 1700 p/m d63 polietilen boru çəkilib. Həmçinin sözügedən ərazi Xəzər RİH tərəfindən daim nəzarətdə saxlanılır və qrunt sularının xüsusilə qış aylarında çəkilməsi üçün təxirəsalınmaz tədbirlər görülür. 

Lakin son günlər havanın yağıntılı keçməsi nəticəsində həmin ərazidə qrunt sularının səviyyəsinin qalxması nəticəsində orada yaşayan sakinlərin həyat şəraitinin çətinləşməsinə səbəb olub.

15 may 2020-ci il tarixində sözügedən ərazidə yaşayan bir qrup sakin yaranmış vəziyyətlə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə gəlib, problemlərini çatdırmaq üçün RİH başçısı ilə görüşmək istəyiblər. Sakinlərin bir qurupu RİH-nin başçısı tərəfindən qəbul edilib, onların problemləri dinlənilib. Dərhal RİH başçısının göstərişinə əsasən RİH-nin məsul şəxsləri və aidiyyəti xidmət sahəsinin rəhbərlərindən ibarət nümayəndə heyəti tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və ordakı mövcud vəziyyət öyrənilərərk yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Hazırda Xəzər Rayon İcra Hakimiyyəti və Xəzər rayon Su Kanalı idarəsi tərəfindən ərazidə qurunt sularının çəkilməsilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi üçün hazırlıq işlərinə başlanılıb və tez bir vaxtda icrasına başlanılacaq. Həmçinin, Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək məqsədilə həmin ərazidə yaşayan 100 ailəyə ərzaq yardımları edilib.

Sakinlərin yolsuzluqla bağlı narazılıqlarına gəldikdə isə bildiririk ki, təkcə 2019-cu ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən rayonun digər qəsəbələri ilə yanaşı Binə qəsəbəsinin Füzuli küçəsində 12728 m2  (1.4 km), Nəsimi küçəsində 12645 m2  (1.5 km), Xəqani küçəsində 2550 m2  (0.4 km), 160 nömrəli marşurutun axırıncı dayanacağına qədər olan yolda  19440 m2  (2.5 km), Südçülük Sovxozu ərazisində 26180 m2  (3.5 km), Binə Aqrokompleks yaşayış massivində 43830 m2  (7 km), Sabir küçəsində 8414 m2  (1.5 km), olmaqla ümumilikdə 125787 m2  asfalt çəkilib. Bu istiqamətdə işlər mərhələli şəkildə davam etdirilməkdədir.

Sözügedən ərazidəki mövcud vəziyyət RİH tərəfindən nəzarətdə saxlanılır”.
0