Kənd təsərrüfatının iflici: Rusiyada yanacaq böhranı məhsul yığımını təhlükəyə salır

DÜNYA
15:29 / 17.06.2026
42

Rusiya kənd təsərrüfatı nümayəndələri məhsul yığım mövsümünün başlanğıcında ciddi dizel yanacağı çatışmazlığı ilə üzləşiblər. 

HİT.az "UkrAgroConsult"a istinadən xəbər verir ki, yanacaq qıtlığı artıq federasiyanın təxminən 25 regionuna yayılıb və ən ağır vəziyyət əsas taxıl əkinlərinin cəmləşdiyi cənub bölgələrində müşahidə olunur.

Aqrar sektor nümayəndələri dizelin alınmasında ciddi problemlər yaşandığını bildirirlər. Bəzi bölgələrdə topdansatış qiymətlər demək olar ki, iki dəfə artıb. Təchizatçılar isə nə həcmlərə, nə də vaxtında çatdırılmaya zəmanət verə bilmirlər ki, bu da biçin prosesini risk altına salır. Rusiyada məhsul yığımı iyul ayında başlayır.

Ölkənin şərqində də yanacaq çatışmazlığı barədə məlumatlar artır və böhran getdikcə daha geniş ərazilərə yayılır. Məsələn, İrkutsk vilayətində fermerlər yanacaq çatışmazlığı səbəbindən kənd təsərrüfatının faktiki iflic təhlükəsi ilə üzləşdiklərini bildirirlər.

Analitiklər xəbərdarlıq edirlər ki, yanacağa tələbatın pik dövrü hələ qarşıdadır, bu isə aqrar sektorda riskləri daha da artıra bilər. Dizel çatışmazlığı biçin işlərində gecikmələrə, logistika problemlərinə və istehsal xərclərinin artmasına səbəb olur. Əgər yığım gecikərsə, taxılın bir hissəsi keyfiyyətini itirə və bazar dəyəri azala bilər.

Məlumata görə, yanacaq qıtlığının əsas səbəblərindən biri Ukraynanın dron hücumları nəticəsində Rusiya neft emalı infrastrukturuna dəyən zərbələrdir. Bildirilir ki, Rusiya neft emalı güclərinin təxminən üçdə birini itirib və hazırda gündəlik emal həcmi xeyli azalıb.

Avropa analitiklərinin qiymətləndirməsinə görə, Rusiya iqtisadiyyatı müharibə səbəbindən zəifləyib və ehtiyatlar tükənmək üzrədir. Ölkənin Çin asılılığının artdığı bildirilir. Bu iqtisadi zəiflik Qərb üçün Moskva üzərində təzyiq imkanlarını artırır.

Eyni zamanda enerji sektorundan əldə edilən gəlirlərin inflyasiyanı daha da gücləndirdiyi, lakin işçi qüvvəsi çatışmazlığı səbəbindən iqtisadi inkişafı stimullaşdırmadığı qeyd olunur.

Samir
 

0