Pərvənə Mustafayeva: “Məktəbli çantaları uşaqlarda skolioz və ya kifozun yaranmasına səbəb olur”

ÖLKƏ
15:50 / 02.11.2023
618

“Son dövrlərdə böyüklərlə yanaşı, məktəbli uşaqlarda da onurğanın əyilməsi çox geniş yayılıb.Hər 10 uşaqdan 3-də qamət əyriliyi və skolioz əlaməti var”.

Bunu Hit.az-a həkim ekspert Pərvanə Mustafayeva deyib.

Onun sözlərinə görə, skolioz xəstəliyi anadangəlmə və sonradan qazanılmış olaraq iki hissəyə ayrılır. Digər tərəfdən, əyriliklərin növlərinə görə isə C-vari, S-vari və Z-vari. Bunlar arasında Z-vari ən ciddi -üç tərəfə əyilmələrlə müşahidə edilən növdür ki, buna o qədər də çox rast gəlinmir. Rast gəlindikdə isə minimum dərəcə ilə müşahidə edilir. 

Bu gün Azərbaycanda ən çox yayılan S-varidir, daha sonra isə C-varidir: “Sonradan qazanılmış skolioz, demək olar ki, çox ciddi həyati problemdir. Kompüter əsrində, hər kəsin oturaq iş sistemində çalışması, nəqliyyatdan çox tez-tez istifadə etməsi bu xəstəliyin genişlənməsinə zəmin yaradır. Əvvəllər nəqliyyat vasitələri çox deyildi, insanlar daha çox gəzirdilər, idman hərəkətləri edirdilər, daim fiziki iş rejimində olurdular. Amma bugünkü dövrdə bir insanın gündəlik həyat tərzində 24 saatın 80 faizini oturması və uzanması aparır.

Məktəbli çantaları uşaqlarda skolioz və ya kifozun yaranmasına səbəb olur. Həmçinin məktəbli uşaq ağır çantanı bir çiynindən asır, bir tərəfdə də yük olduqda istər-istəməz əzələ gərilmiş vəziyyət alır ki, onu saxlaya bilsin. Digər əzələ tam sərbəst vəziyyətdə olur. Bu da əzələ sisteminin gərilməsi nəticəsində ikincili olaraq struktur problemin əmələ gəlməsinə səbəb olur. Eyni zamanda uşaqlarda ağır çantanı bir çiyindən asanda qazanılmış skolioz yaranırsa, iki çiyindən asdığı zaman təbii olaraq düz dayanmaqdan ötrü önə doğru əyilir ki, bu da qamət kifozunun əmələ gəlməsinə səbəb olur. Ağır çantaların bir çiyindən asılması boyun əzələlərini də gərir və bu, 9-12 yaş arasında uşaqlarda əyri pəncəliyə belə gətirib çıxara bilir”.

Sevinc

0