Bakının Səbail rayonunda yerləşən Badamdar qəsəbəsi şəhər mərkəzinə yaxınlığı, mənzərəli ərazisi və yeni yaşayış kompleksləri ilə mənzil alıcılarının diqqət mərkəzində qalmaqda davam edir. Son daşınmaz əmlak elanlarının təhlili göstərir ki, qəsəbədə satışa çıxarılan mənzillərin qiyməti otaq sayı, ümumi sahə, təmir səviyyəsi və sənəd vəziyyətindən asılı olaraq geniş diapazonda dəyişir.
Modern.az-ın araşdırmalarına əsasən Badamdarda yeni tikili binalarda təklif olunan mənzillər üzrə qiymət mənzərəsi belə formalaşıb:
2 otaqlı mənzillər: Sahəsi təxminən 50-75 kvadratmetr arasında dəyişən bu mənzillər əsasən 140 000 - 225 000 manat aralığında satışa çıxarılır. Qiymət fərqinə əsasən Badamdar şossesinə yaxınlıq, təmir vəziyyəti və çıxarışın (kupçanın) mövcudluğu təsir göstərir.
3 otaqlı mənzillər: Ailə seqmentində daha çox maraq doğuran 90-140 kvadratmetrlik 3 otaqlı mənzillərin qiyməti 240 000 - 450 000 manat civarında dəyişir. Tam təmirli, əşyalı və şəhər mənzərəli mənzillər bu aralığın yuxarı həddində qərarlaşır.
4 və daha çox otaqlı mənzillər: Sahəsi 102-150 kvadratmetr və daha böyük olan geniş planlamalı mənzillər isə 300 000 - 355 000 manat və üzəri qiymətlərlə təklif olunur.
Bazar müşahidələri göstərir ki, alıcılar üçün sənəd məsələsi əsas meyarlardan biri olaraq qalır, çıxarışı olan və ipoteka şərtlərinə uyğun mənzillərə maraq daha yüksəkdir. Bundan başqa, qəsəbənin əsas yollarına və tanınmış yaşayış komplekslərinə yaxın binalarda kvadratmetr dəyəri daxili küçələrdə yerləşən binalarla müqayisədə daha baha qiymətləndirilir.
Alıcıların ən çox seçim etdiyi Yasamal və Xətai rayonunun bəzi hissələri Badamdarla yaxın rəqabət aparır:
Yeni Yasamalda tikililərdə qiymətlər Badamdarla oxşar diapazonda dəyişsə də, bəzi binalarda 2 və 3 otaqlı mənzilləri Badamdardakı kompleks tipli binalarla müqayisədə 10-15% daha münasib qiymətə tapmaq mümkündür.
Badamdarda satışa çıxarılan torpaq sahələrinin qiymətləri isə massiv və təyinatdan asılı olaraq üç əsas qrupa bölünür.
3-cü massiv və kənar küçələrdə 1 sot torpaq 15 000 - 30 000 manat aralığındadır, 8-18 sotluq sahələr isə ümumilikdə 160 000 - 500 000 manata təklif olunur.
1-ci və 2-ci massivlərdəki yaşayış məhəllələrində 1 sotun qiyməti 60 000 - 100 000 manat civarındadır, burada 2-3 sotluq sahələr 185 000 - 270 000 manata, 5,7-8 sotluq villa sahələri isə 500 000 - 720 000 manata satılır.
Əsas yol kənarı, mənzərəli və kommersiya təyinatlı sahələrdə isə 1 sotun qiyməti 115 000 - 150 000 manatı ötür, məsələn, 6,5 sot 780 000 manata, 10-12 sot 1,25 - 1,8 milyon manata, 50-65 sotluq iri sahələr isə 5,5 - 9,5 milyon manata təklif edilir.
Qeyd edək ki, son günlər Badamdar qəsəbəsinin 20-ci sahə ərazisində torpaq sürüşməsi yenidən aktivləşib.
Fövqəladə Hallar Nazirliyinin noyabrın 19-da açıqladığı məlumata görə, sürüşmə zonasında yaşayan sakinlərin təhlükəsiz əraziyə təxliyəsi və yaxınlıqdakı obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması üçün aidiyyəti qurumlara müraciət edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin noyabrın 20-də apardığı monitorinq zamanı isə ərazidəki çatların daha da genişləndiyi və sürüşmə prosesinin davam etdiyi müəyyənləşdirilib.
Sürüşmə təhlükəsi nəzərə alınaraq, Badamdarda mənzil və torpaq sahəsi almaq istəyən vətəndaşların əmlakın yerləşdiyi ərazinin geoloji vəziyyətini və tikinti üçün yararlılığını da nəzərə almaları vacibdir.


