Toyuqların yumurta məhsuldarlığı onların cinsindən, qidalanmasından və saxlanma şəraitindən asılı olaraq dəyişir. Bəzi cinslər il ərzində 300-dən çox yumurta verə bilir.
HİT.az xəbər verir ki, bu barədə "Animal Gourmet" məlumat yayıb.
Məlumata görə, toyuqların əksəriyyəti təxminən 4 aylıq yaşdan yumurtlamağa başlayır. Lakin bəzi cinslərdə bu prosesin başlanması bir ilə qədər vaxt apara bilər. Yumurtlayan toyuqlar, adətən, altı yaşına qədər məhsuldar olur. Bu dövrdən sonra onların yumurta vermə göstəricisi azalaraq həftədə bir-iki ədədə düşə bilər.
Ən çox yumurta verən toyuq cinsləri
Nəşr illik məhsuldarlığı yüksək olan cinsləri və onların yumurta göstəricilərini açıqlayıb:
- Leqhorn (ağ) – ildə 300-320 yumurta;
- Loman Braun – ildə təxminən 320 yumurta;
- Hay-Line Braun – ildə 310-320 yumurta;
- İza Braun – ildə 300-320 yumurta;
- Dekalb Vayt – ildə 300-320 yumurta;
- Rod-Aylend – ildə 250-300 yumurta;
- Sasseks – ildə 250-280 yumurta;
- Plymutrok – ildə 200-280 yumurta.
Yumurta məhsuldarlığına nə təsir edir?
Mütəxəssislər bildirirlər ki, yüksək yumurta məhsuldarlığı üçün toyuqların düzgün qidalanması vacibdir. Onların rasionunda qarğıdalı, buğda, arpa və yulaf kimi dənli bitkilər, eləcə də zülal mənbələri, yağlar, vitaminlər və minerallar olmalıdır.
Xüsusilə kalsium, fosfor və D vitamini yumurta qabığının formalaşması və quşların sümük sağlamlığı baxımından əhəmiyyətlidir. Toyuqların daim təmiz suya çıxışı da təmin edilməlidir.
Saxlanma şəraiti də məhsuldarlığa təsir edən əsas amillərdəndir. Toyuqların stressdən uzaq olması, yağışdan və günəşdən qorunan yerdə saxlanması, hər gün eyni vaxtda yemlənməsi tövsiyə olunur. Bundan başqa, yumurta verən quşların gündə ən azı 12 saat işıqlandırılması məsləhət görülür.
Məlumatda yumurta qabığının rənginin də toyuğun cinsindən və genetikasından asılı olduğu vurğulanıb. Ağ, qəhvəyi, mavi və yaşıl çalarlı yumurtaların rəngi təbii piqmentlərlə formalaşır.
Samir


