Azərbaycanda nə üçün psixoloqa gedənə "dəli" kimi baxırlar? - Mütəxəssis AÇIQLADI

ÖLKƏ
12:59 / 04.11.2023
905

Dünyamızın hər keçən gün inkişaf etməsinə baxmayaraq, bəzi geri düşüncələrdən qurtulmaqda çətinlik çəkən insanlara hər yerdə rast gəlmək mümkündür.

Düzdür, geri və ya cahil düşüncəyə saysız-hesabsız misal göstərmək olar. Amma bu gün konkret olaraq bir məsələ üzərində duracağıq. O isə psixoloqlarla bağlı olan məsələdir. Bu mövzuya toxunmağımıza səbəb camaatın Marsda həyat axtardığı bir zamanda təəssüf ki, ölkəmizdə psixoloqa gedənə "dəli" kimi baxan bəzi insanların olmasıdır. 

Nə qədər acı da olsa, belə düşüncədə olan insanların olması bir reallıqdır. Halbuki, dünyada istənilən peşə sahibi olan ən tanınmış şəxslər belə psixoloqa getdiyini çox rahat şəkildə etiraf edirlər. Çünki burada hansısa qəbahət yoxdur və heç kim onları qınamır.

Bəs ölkəmizdə niyə vəziyyət fərqlidir? Nə üçün Azərbaycanda psixoloqa gedənə hələ də "dəli" kimi baxırlar?
 
Tanınmış psixoloq, psixoterapevt Elmir Əkbər HİT.az-a açıqlamasında bildirib ki, bu, bizim böyük problemimizdir:

337161

"Əhali hələ də psixoloq və həkim-psixoterapevtlə həkim psixiatr və nevropatoloqun fərqini bilmir. Təbii ki, bu da böyük bir fəlakətdir. Hərçənd ki, psixiatra, nevroloqa və ya nevropatoloqa getmək də faciə deyil. Amma bunlar ümumiyyətlə ayrı ixtisaslardır. Belə cəhalət və nadanlıq hökm sürdüyü üçün bu gün bu qədər qətl hadisələri törədilir. Ona görə də çox sayda yeniyetmə evdən qaçır, bu qədər intiharlar yaşanır, narkomaniya baş alıb gedir və ailələrdə problemlər olur. 

Həmçinin, eyni səbəbə görə bu gün qumar da ailələri dağıdır və boşanmalar artır. Siyahını daha çox uzatmaq da mümkündür. Bəziləri həkim-psixoterapevtə və psixoloqa getməyi özlərinə kompleks edir. Onun nəticəsində də hazırda sadaladığım problemlər günü-gündən həndəsi silsilə ilə artmaqda davam edir".

Psixoterapevt vurğulayıb ki, burada saxtakar və dələduz "psixoloq"ları da qeyd etmək lazımdır:

"Onlar, sosial şəbəkələrdə özlərini reklam edirlər və pul ödəyərək efirlərə çıxırlar. Hansı ki, heç bir təhsilləri yoxdur. Kimisi vaxtilə kloun işləyib, kimisi isə bu gün belə fahişəliklə məşğul olur. Amma efirlərdə "at oynadırlar". Həmçinin, axmaq-axmaq videolar çəkirlər, habelə absurd və anormal fikirlər yayırlar. Camaat da onlara baxır və bir az daha kompleksə düşür ki, belə əxlaqsızın yanına getmək olmaz. 

Ona görə də dövlətimizin sosial şəbəkələrdə özünü "psixoloq" kimi təqdim edən həmin dələduzlarla bağlı ciddi tədbir görməsini çox istəyərəm. Bununla yanaşı, telekanallar, qəzetlər və saytlar vasitəsilə də maarifləndirmə işlərinin aparılması lazımdır".

Pərviz

0