Azərbaycanda hemodializ xəstələrinin sayı artır - Səbəb nədir?

ÖLKƏ
15:37 / 27.11.2023
544

Tibbin inkişafına baxmayaraq, böyrək çatışmazlığı əhali arasında hələ də ən geniş yayılmış xəstəliklər sırasındadır.

Statistikaya görə, dünya əhalisi arasında xroniki böyrək çatışmazlığı (XBÇ) və bu səbəbdən dializ müalicəsinə cəlb olunan xəstələrin sayı artır.

Təəssüf ki, ölkəmizdə də bu xəstəlikdən əziyyət çəkənlər az deyil. 

Uroloq, androloq Ramiz İbrahimov Hit.az-a şərhində deyib ki, böyrək daşı xəstəliyi Azərbaycan ərazisində geniş yayılıb: 

“Bu bizim iqlim şəraitimizlə bağlıdır. Çünki böyrək daşı xəstəliklərinə isti iqlimlərin mövcud olduğu yerlərdə daha çox rast gəlinir. Həmçinin bu, qidalanma tərzimizlə əlaqədardır. Məlumdur ki, böyrəklər insan orqanizminin ən güclü süzgəcidir. Belə ki, protein mənşəli qidanın – mal və qoyun ətinin mətbəximizdə üstünlük təşkil etməsi qidalanmamızda əsas rol oynayır. Bu xəstəliyin yaranmasının səbəblərindən biri də bizim daha çox çay içməyə üstünlük verməyimiz, sudan isə az istifadə etməyimizdir. Ancaq daş xəstəliklərinin aradan qaldırılmasında içdiyimiz suyun miqdarı çox vacibdir. Ümumiyyətlə, bizim həyat tərzimiz böyrəklərdə daş xəstəliyinin yaranmasında böyük rol oynayır”.

Həmsöhbətimizin dediyinə görə,  bu gün ölkədəki hemodializ xəstələrinin orta yaş həddi 35-60 arasındadır, yəni xəstəlik vətəndaşların işlək və aktiv dövrünə təsadüf edir. Lakin son 10 ildə aparılan araşdırmalara əsasən, bu yaş həddi getdikcə artır: 

“Xroniki böyrək çatışmazlığı xəstələrinin sayında artım var. Bu, dünyanın hər yerində belədir. Xəstələrin sayının artması onun inkişaf etməsi demək deyil. Böyrək çatışmazlığı əsasən rütubət olan regionlarımızda və qərb rayonlarında daha geniş yayılıb”.

Uroloq-androloq hesab edir ki, böyrək çatışmazlığının artması səbəblərindən biri həkimlərin öz işinə qeyri-peşəkar yanaşması və insanların öz sağlamlığına qeyri-ciddi münasibət göstərməsidir: 

"Böyrək çatışmazlığı xəstəliyinin artmasının digər səbəbləri qidalanma, həyat tərzi, az maye içməkdir. Bu xəstəlikdən əziyyət çəkənlər öz sağlamlığına daim nəzarət etməlidir”.

Sevinc

0