İntihara səbəb olan amillər

ÖLKƏ
19:47 / 01.12.2023
532

İntihar halları çox vaxt dərin ümidsizlik hissi ilə baş verir. Problemlərin həlli yollarından və ya çətin həyat şərtlərinin öhdəsindən gələ bilməmək intihara yol aça bilər.

İnsanların fikrincə, bu kimi vəziyyətlərin həlli yolu həyatlarına son verməkdir. İntihar cəhdlərindən sağ çıxanların bir qismi həyatlarının dəyərini daha yaxşı başa düşürlər. Digərləri isə yenidən intihara cəhd edirlər.

Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında qeyd edib ki, intihar halları təkcə Azərbaycanda deyil, dünyanın hər yerində baş verir:

"Əvvəllər bu haqda məlumatlar çox da yayımlanmırdı. Bəlkə də belə daha yaxşı idi. Lakin informasiya mənbələri, sosial şəbəkələr ildırım sürəti ilə belə faciələr haqqında xəbərlər yayır. Bəzən internet səhifələrində şəxsin necə intihar etməsinin anbaan görüntüləri yayılır. Zənnimcə, bu, yaxşı hal deyil. Bəzi zəif xarakterli, psixoloji problemi olan insanlar intihara adi hal kimi baxırlar".

Həmsöhbətimiz intihara ”vadar edən” səbəblərdən söz açıb:

“Ümumiyyətlə, hər bir faciənin kökündə ciddi səbəb olur. Əgər intihar varsa deməli, ciddi səbəblər var. İntiharın səbəbi depressiya, imkansızlıq, ata-ana münaqişələri, ixtilaf, immiqrasiya, psixi pozuntular,ümidsizlik, şiddətə meyillilik və düşünmə  pozuntuları ola bilər. Heç bir intihar haqda qərar ani verilmir. İntihara qədər uzun yol olur.

Təəssüflər olsun ki, bəzi valideynlərin laqeydliyi, hər şeyi ört-basdır etməsi, övladına düzgün tərbiyə verə bilməməsi, ona doğru yol göstərməməsi, onunla dil tapmaması nəticəsində də belə ağır hallar baş verir. Əgər valideyn qızının problemini, narahatlığını, davranışında olan dəyişikliyi hiss etmirsə, deməli, ya çox etinasızdır, ya da ona maraq göstərmir".

Sevinc

0