Türkiyənin ərazisində yerləşən qədim Troya şəhərində aparılan arxeoloji qazıntılar zamanı təxminən 2800 il əvvələ aid aqoranın (bazar meydanının) qalıqları aşkarlanıb.
HİT.az xəbər verir ki, bu barədə “The Daily Galaxy” məlumat yayıb.
Arxeoloqlar qazıntıları Troya VI şəhərinin cənub qapıları yaxınlığında aparırlar. Tədqiqatın əsas məqsədi Tunc dövründə mövcud olmuş Troya ilə sonrakı dövrlərdə inkişaf edən İlion yaşayış məntəqəsi arasındakı əlaqəni araşdırmaqdır.
Qazıntılara rəhbərlik edən Rəqhan Kərpənin sözlərinə görə, aşkarlanan ərazi Son Tunc dövründə bazar kimi istifadə olunub. Daha sonra, Tunc dövrü Troyasının sakinləri şəhəri tərk etdikdən təxminən 80-90 il sonra əraziyə gələn yeni məskunlar həmin məkanı yenidən istifadə ediblər.
“Biz hesab edirik ki, Son Tunc dövründə burada bazar yerləşirdi. Bu aqora Tunc dövrü Troyasının sakinləri şəhəri tərk etdikdən təxminən 80-90 il sonra buraya gələn məskunlar tərəfindən yenidən canlandırılıb”, - deyə Kərpə bildirib.
Qazıntılar zamanı divar qalıqları, yaşayış evləri və aşağı şəhərdən cənub qapılarına aparan daş döşənmiş yol da aşkarlanıb. Keramika parçaları və amforaların Erkən Dəmir dövrünə aid olduğu müəyyən edilib.
Arxeoloji tapıntılar göstərir ki, Tunc dövrünün sonunda Troya uzun müddət tamamilə tərk edilməyib. Sonrakı sakinlər qədim şəhərin bəzi divarlarından istifadə edərək onların üzərində yeni tikililər inşa ediblər.
“Bu o deməkdir ki, Tunc dövründən sonra Troya uzun müddət tərk edilmiş vəziyyətdə qalmayıb”, - Kərpə qeyd edib.
Araşdırma həmçinin şəhərin müxtəlif dövrlərdəki adları arasında əlaqəyə dair yeni məlumatlar verib. Alimlərin fikrincə, sonrakı sakinlər yaşayış məntəqəsini İlios və ya İlion adlandırıblar. Bu adın daha qədim “Vilusa” adı ilə əlaqəli olduğu və şəhərin tarixi yaddaşının nəsillər boyu qorunduğu ehtimal edilir.
Troya şəhərinin tarixinin təxminən 5 min il əvvələ gedib çıxdığı bildirilir. Şəhər müxtəlif dövrlərdə müharibələr, yanğınlar və zəlzələlər nəticəsində dəfələrlə dağılıb və yenidən qurulub.
Hazırkı qazıntı layihəsinə Rüstəm Aslan rəhbərlik edir. Tədqiqatlar əvvəlki ekspedisiyalarla müqayisədə daha kiçik ərazidə, lakin daha detallı şəkildə aparılır. Alimlər cənub qapıları yaxınlığındakı qalıqları araşdırmaqla Tunc dövrü Troyası, Erkən Dəmir dövrü məskəni və sonrakı İlion arasındakı əlaqələri daha dəqiq müəyyənləşdirməyə çalışırlar.
Troya Homerin “İliada” dastanı ilə əlaqəsinə görə dünya miqyasında məşhurdur. Qədim şəhərin arxeoloji ərazisi 1998-ci ildə UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib.
Samir


