Alimlər ən ağıllı it cinsini müəyyənləşdirdi - Nəticə təəccübləndirdi

MARAQLI
19:19 / 05.10.2026
52

Alimlər itlərin koqnitiv qabiliyyətlərini müqayisə edərək ən ağıllı cinsi müəyyənləşdiriblər. Nəticələrdə adətən bu siyahıların lideri olan border kolli deyil, belçika malinua birinci yeri tutub.

HİT.az xəbər verir ki, 2023-cü ildə Helsinki Universitetində aparılan araşdırmada itlərin intellektini qiymətləndirmək üçün üç əsas testdən istifadə olunub.

İlk sınaqda itlər şəffaf V formalı maneəni keçərək yeməyə çatmalı olub. Bu test heyvanların problem həll etmək qabiliyyətini ölçüb.

İkinci testdə itlərin insanların müxtəlif jestlərinə reaksiyası yoxlanılıb. Buraya davamlı və qısa işarə etmə, ayaqla istiqamət göstərmə, insanın başqa tərəfə baxdığı halda nəyəsə işarə etməsi və baxışın istiqamətini izləmə kimi tapşırıqlar daxil olub.

Üçüncü sınaqda isə itə açılması mümkün olmayan qutudan yemək çıxarmaq tapşırılıb. Bu test heyvanın müstəqil davranışını və nəticə əldə edə bilmədikdə insandan kömək istəməyə nə qədər tez keçdiyini müəyyənləşdirməyə imkan verib.

Üç test üzrə mümkün 39 baldan 35 bal toplayan belçika malinua ümumi nəticədə birinci olub. Border kolli 26 balla ikinci, hovavart isə 25 balla üçüncü yeri tutub.

Araşdırmanın müəllifi, smartDOG şirkətinin rəhbəri doktor Katrina Tiira bildirib ki, belçika malinua bir çox koqnitiv tapşırıqda yüksək nəticə göstərib.

Belçika malinua əsasən polis və mühafizə xidmətlərində istifadə olunan çoban itləri cinsidir. Xarici görünüşünə görə alman çoban itinə bənzəsə də, malinua daha yüngül bədən quruluşuna və daha üçbucaq formalı qulaqlara malikdir.

Bununla belə, alimlər qeyd edirlər ki, “ən ağıllı it” anlayışı təkcə bir göstərici ilə müəyyən edilə bilməz. Müxtəlif cinslər yaddaş, itaət, problem həll etmə, insanlarla ünsiyyət və digər koqnitiv bacarıqlarda fərqli nəticələr göstərə bilər.

Samir

0