WUF13 sosial sahibkarlığın inkişafı və şəhərsalma təcrübələrinin mübadiləsi baxımından mühüm platformadır.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Polşanın Katovitse şəhərində fəaliyyət göstərən sosial kiçik sahibkarlıq sahəsinin meneceri Boquslav Kaminski söyləyib.
O, Polşa və Misirdə keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumlarında iştirak etdiyini bildirib və WUF13-ün Azərbaycanda təşkilini müsbət qiymətləndirib: "Bu tədbirlərin mövzuları zaman və kontekstdən asılı olaraq dəyişsə də, əsas məqsəd şəhərlərin inkişafı ilə bağlı qlobal dialoqu davam etdirməkdir".
Boquslav Kaminski əlavə edib ki, Bakıda keçirilən sessiyada iştirak etdiyi müddətdə yeni təcrübələr qazanıb və tədbirin davamını izləməkdən məmnundur.


