İndiyədək Şuşada 27 abidə bərpa edilib.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda WUF13 çərçivəsində “Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib.
"Şuşada 200-ə yaxın tarixi və mədəni abidə mövcuddur. Onların böyük əksəriyyəti işğal dövründə zərər görüb. 7 məscid, 6 bulaq, 7 mədəniyyət obyekti, Şuşa qalası və Xan qızı Natəvanın bağında yerləşən Üzeyir Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin məqbərə kompleksi, eləcə də Xanlıq Muxtar karvansarası bərpa olunub. Ümumilikdə indoyədək 27 abidə bərpa edilib", - o bildirib.
A. Kərimov qeyd edib ki, 2024-cü il may ayının 10-dan etibarən Şuşaya 1 411 nəfər (377 ailə) köçürülüb.
"1-ci yaşayış massivində 450 mənzildən ibarət 23 çoxmənzilli bina istifadəyə verilib.
Hazırda Şuşada tikintisi davam edən 3 yaşayış kompleksləri mövcuddur. Bunlara D3: 17 bina, D4: 12 bina, D5: 14 bina yaşayış komplekləridir", - o əlavə edib.
A. Kərimov vurğulayıb ki, 2026-cı ildə Şuşada 15 tarixi abidənin konservasiya işləri aparılacaq.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.


