Səudiyyə Ərəbistanı Azərbaycanla bir sıra birgə təşəbbüslərin həyata keçirilməsinə ümid edir.
Bu barədə "Report"a Səudiyyə Ərəbistanı şahzadəsi, UN-Habitat-ın ərəb dövlətlərində regional xoşməramlı səfiri Lamiyə bint Məcid Əl Səud Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bəyan edib.
Onun sözlərinə görə, Ər-Riyad və Bakı arasında daha sıx əməkdaşlıq sabitliyin möhkəmlənməsinə və Fars körfəzi regionundan Cənubi Qafqaza qədər birgə təşəbbüslərin inkişafına töhfə verə bilər.
"Biz burada çoxsaylı uğur hekayələri gördük və xüsusilə qadınlarla bağlı məsələlərdə və qadınların cəmiyyətə fəal iştirakçı kimi inteqrasiyası ilə bağlı nəticə çıxardıq" - o bildirib.
Lamiyə bint Məcid Əl Səud həmçinin forum çərçivəsində Azərbaycan rəsmiləri ilə görüşlər barədə də danışıb.
"Dünən biz bir çox dövlət nümayəndələri, xüsusilə rəqəmsal inkişaf nazirinin müavini, eləcə də uşaq və qadın məsələləri ilə bağlı digər qurumlarla görüşdük," - o bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında təcrübə və bilik mübadiləsi üçün əhəmiyyətli potensial mövcuddur.
"Düşünürəm ki, oxşar çağırışlarımız çoxdur. Bir-birimizdən öyrənə biləcəyimiz çox şey var, çünki Azərbaycan həqiqətən bu sahələrdə böyük uğurlar əldə edir," - şahzadə qeyd edib.
O vurğulayıb ki, ölkələr arasında əməkdaşlıq qarşılıqlı dəstək prinsipləri üzərində qurulmalıdır.
Şahzadə əlavə edib ki, Alwaleed Philanthropies (Səudiyyə Ərəbistanı) xeyriyyə fondu Azərbaycanla xüsusilə qadınlara, uşaqlara dəstək və sosial təşəbbüslər sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir.


