Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.
HİT.az-ın məlumatına görə, Sərəncamla müəyyən edilir ki, Azərbaycanda keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar respublikaya gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2026-cı il sentyabrın 22-dən noyabrın 5-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər.
Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:
- Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;
- Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) müvafiq qaydalarına uyğun olaraq elektron qeydiyyat sistemi vasitəsilə akkreditasiyadan keçməni təsdiq edən sənəd.
Sərəncama əsasən, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkədə keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı ilə əlaqədar respublikayaa gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməlidir.
XİN, həmçinin Azərbaycanda keçiriləcək "FIFA U-15 World Cup and Festival" ilə əlaqədar ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza" sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın nazirliyin, eləcə də Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti isə Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə çempionat və festivalla əlaqədar ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.


