Alimlər: Körpə qızlar üzlərə, oğlanlar isə əşyalara daha çox baxırlar

SOSİAL
10:16 / 22.09.2026
38

Kembric Universitetinin psixoloqları diqqətdə cinsi fərqlərin doğuşdan etibarən müşahidə olunduğunu müəyyənləşdiriblər: körpə qızlar insan üzlərinə daha uzun baxır, oğlanlar isə əşyalara daha çox diqqət yetirirlər. 

HİT.az xəbər verir ki, 130 körpənin iştirakı ilə aparılan tədqiqat “Biology of Sex Differences” jurnalında dərc olunub.

Doğuşdan sonrakı ilk saatlarda körpələrə yan-yana iki video göstərilib: hərəkət edən insan üzü və cazibə qüvvəsinin təsiri ilə hərəkət edən, bir-birinə toxunan metal kürəciklərdən ibarət Nyuton beşiyi. Cinsindən asılı olmayaraq bütün uşaqlar daha çox üzə baxıblar. Lakin qızlar orta hesabla vaxtlarının daha böyük hissəsini üzə baxmağa sərf edib, oğlanlar isə kürəcikləri daha uzun müddət izləyiblər.

Təcrübə doğuşdan cəmi bir neçə saat sonra, hər hansı həyat təcrübəsi və sosial gözləntilər formalaşmamışdan əvvəl aparıldığı üçün alimlər fərqlərin əsasında ana bətnindəki amillərin — hormonların və genlərin dayana biləcəyini bildiriblər.

Yeni tədqiqat 2000-ci ildə Kembric psixoloqları tərəfindən aparılmış araşdırmanın təkrarıdır. Həmin vaxt əldə olunan nəticələr də eyni mənzərəni göstərmişdi. Lakin yeni doğulmuş körpələrlə təcrübə aparmağın çətinliyi səbəbindən bu nəticələri iyirmi ildən artıq müddətdə heç kim təkrarlamağa cəhd etməmişdi.

Bu dəfə tədqiqat şərtləri daha da sərtləşdirilib: uşaqların baxış istiqaməti daha etibarlı üsulla qeydə alınıb, videolar isə nə körpənin cinsini, nə də onun nəyə baxdığını bilməyən mütəxəssislər tərəfindən təhlil edilib. Bununla da gözləntilərin nəticələrə qeyri-ixtiyari təsir göstərməsi ehtimalı aradan qaldırılıb.

Bununla belə, alimlər nəticələrdən birbaşa və ümumiləşdirilmiş nəticələr çıxarmamağa çağırırlar.

“Bu fərqlər hər bir oğlana və ya hər bir qıza aid deyil: onları yalnız qrupları orta göstəricilər əsasında müqayisə etdikdə görmək mümkündür. Hər bir cins daxilində böyük fərdiləşmə və göstəricilərin üst-üstə düşməsi var”, — tədqiqatçı Kerri Ellison qeyd edib.

Daha əvvəl həmin komanda beyin quruluşundakı fərqlərin də doğuşdan əvvəl formalaşdığını göstərmişdi. İndi bu fərqlərə diqqət və davranışdakı xüsusiyyətlər də əlavə olunub.

Müəlliflər hesab edirlər ki, ən erkən cinsi fərqlərin mənşəyini anlamaq neyromüxtəliflik və oğlanlarda qızlarla müqayisədə təxminən iki dəfə çox diaqnoz qoyulan autizm haqqında daha geniş təsəvvür formalaşdırmağa kömək edə bilər.

Hazırda komanda tədqiqat iştirakçılarını uzunmüddətli müşahidə edir. Məqsəd erkən yaşda müşahidə olunan fərqlərin sonrakı inkişaf prosesinə necə təsir etdiyini müəyyənləşdirməkdir.

Samir

0