Bir neçə gün ərzində müxtəlif bölgələrdə qeydə alınan kütləvi qida zəhərlənmələr ictimaiyyət arasında narazılığa səbəb olub.
Xüsusilə çoxsaylı insanların iştirak etdiyi yas mərasimlərində qida təhlükəsizliyinin necə təmin edilməsi, yeməklərin hansı şəraitdə hazırlanması və istehlakçıya çatdırılması ilə bağlı suallar aktuallaşıb.
Görəsən, kütləvi mərasimlərdə qida zəhərlənmələri daha çox hansı nöqsanlardan qaynaqlanır? Bu riskləri azaltmaq və insanların sağlamlığını qorumaq üçün hansı tədbirlərin görülməlidir?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasında bildirib ki, istehlakçıların təhlükəsizliyini təmin edən mexanizmlər yalnız qanunvericilikdə deyil, praktikada da effektiv işləməlidir:

“Qaydaları pozan müəssisələr məsuliyyətdən yayınmamalı, onlara qarşı sərt hüquqi tədbirlər görülməlidir ki, bu, digərləri üçün də çəkindirici nümunə olsun. Qida zəhərlənməsi halları baş verdikdən sonra araşdırmaların nəticələri ictimaiyyət üçün açıq və şəffaf təqdim edilməlidir. Hadisələrin səbəbləri gizli saxlanıldıqda və ya məsul şəxslər açıqlanmadıqda, eyni nöqsanların təkrarlanmasının qarşısını almaq çətinləşir”.
Ekspert hesab edir ki, bəzi yas mərasimlərində ehsan süfrəsinin təşkil edilməməsi iştirakçılar tərəfindən birmənalı qarşılanmır və bu, müəyyən narazılıqlara səbəb olur:
“Cəmiyyətdə uzun illər formalaşmış bu ənənənin dəyişdirilməsi təkcə qərar və ya qadağalarla mümkün görünmür. Bu məsələdə əsas rol ictimai düşüncəyə məxsusdur. İnsanların öz yanaşması dəyişmədiyi və ehsanın mütləq yemək süfrəsi ilə əlaqələndirilməsi fikri aradan qalxmadığı müddətdə, bu ənənənin dəyişməsi asan olmayacaq. Ümumiyyətlə, son illər bəzi sahələrdə nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində müəyyən müsbət dəyişikliklərin müşahidə olunduğunu da qeyd etmək olar”.
Günel Cəlilova

