Yumurtanı asan soymağın sadə yolu: Qaynar suya bu ərzağı əlavə edin

MARAQLI
19:58 / 12.10.2026
70

Qaynadılmış yumurtanın qabığını soyarkən ağ hissənin parçalanmasının qarşısını almaq üçün suya bir qədər qida sodası əlavə etmək məsləhət görülür. Bununla yanaşı, yumurtanın təzəliyi, bişirilmə müddəti və qaynadıldıqdan sonra necə soyudulması da nəticəyə təsir edir.

HİT.az xəbər verir ki, bu barədə Rumıniyanın “Protv.ro” nəşri yazıb.

Məqalədə bildirilir ki, yumurtaları qaynatmazdan əvvəl suya təxminən yarım çay qaşığı qida sodası əlavə etmək olar. Soda suyun turşuluq səviyyəsini dəyişərək qabığın yumurtanın ağ hissəsindən daha asan ayrılmasına kömək edə bilər. Bununla belə, bu üsul hər zaman eyni nəticəni verməyə bilər.

Mütəxəssislər yumurtaları asan soymaq üçün bir neçə qaydaya da əməl etməyi tövsiyə edirlər. Belə ki, həddindən artıq təzə yumurtaların qabığını soymaq daha çətin ola bilər. Buna görə bir neçə gün əvvəl alınmış yumurtalar daha əlverişli seçim sayılır.

Digər tövsiyə yumurtaları artıq qaynayan suya ehtiyatla yerləşdirmək və bişdikdən dərhal sonra buzlu suya keçirməkdir. Sürətli soyutma bişmə prosesini dayandırır və qabığın ayrılmasını asanlaşdıra bilər.

Yumurtanın qabığını əvvəlcə yüngülcə çatlatmaq, daha sonra soyuq suyun altında soymaq da faydalı üsullardandır. Soymağa küt ucdan başlamaq məsləhət görülür, çünki həmin hissədə adətən hava boşluğu yerləşir.

Qeyd edək ki, bərk qaynadılmış yumurtalar soyuducuda düzgün saxlanıldıqda bir həftəyədək istehlak edilə bilər. Onları qabığı soyulmamış halda saxlamaq tövsiyə olunur.

Samir
 

0