1813-cü il oktyabrın 12-də “Gülüstan” sülh müqaviləsi imzalanıb. Bu tarixdə Azərbaycanın ikiyə parçalanmasının bünövrəsi qoyulub. Müqaviləyə qədər Azərbaycanın ümumi ərazisi 410 min kvadratkilometr olub. Müqavilə bağlandıqdan sonra Azərbaycanın bir hissəsi, o cümlədən Qazi-Qumuq, Tiflis, İrəvan və Qarabağ xanlıqları Rusiyanın himayəsinə keçib. Az sonra Quba, Dərbənd, Şirvan və Bakı xanlıqları da Rusiya qoşunları tərəfindən işğal olunub.
Çox maraqlıdır ki, Çar Rusiyası ilə Osmanlı imperiyası arasında 1812-ci ilin yayında imzalanan Buxarest müqaviləsinə əsasən, Osmanlı imperiyası rusların Qafqazı işğalını tanıyır, bu torpaqlara olan iddialarından əl çəkirdi. Artıq Azərbaycanın ikiyə bölünməsi ilə bağlı Rusiya, Qacar dövləti, Osmanlı dövləti və digər dövlətlər arasında razılaşma əldə olunmuşdu.
Çox az adam bilir ki, Gülüstan müqaviləsi Qacar dövləti ilə Rusiya arasında bağlansa da, onun ilkin versiyası rus dilində hazırlanıb, sonra fars dilinə tərcümə edilsə də, Azərbaycana zərbə vuran müqavilənin hazırlanmasında İngiltərənin Qacar dövlətindəki səfiri ser Gore Ouseley və ser Harford Cons iştirak ediblər.
Müqavilənin Qacar dövləti tərəfindən imzalanmasında şahın vəkili Mirzə Əbdülhəsən xan Şirazi iştirak edib. O, Qacar dövlətinin Britaniyadakı səfiri olub. Tarixi bilənlər təsdiq edərlər ki, məhz o, Ceyms Moryerin “Hacı babanın macəraları” satirik romanının baş qəhrəmanının prototipidir.
Qacar tərəfinin nümayəndəsi Mirzə Əbdülhəsən xana müqavilənin şərtlərini qəbul etdirmək üçün ingilis səfiri və hərbi müşavir ser Gore Ouseley böyük təzyiq göstərib və vasitəçilik edib. Britaniyanın səfiri sadəcə vasitəçi olmayıb, müqavilənin mətnini şəxsən ingilis dilində hazırlayıb.
İngiltərə Xarici İşlər Nazirliyinin direktivlərinə uyğun hazırlanan bu sənəd həm Rusiyanın Qafqazda möhkəmlənməsini rəsmiləşdirir, həm də İngiltərənin Hindistandakı müstəmləkələrini qorumaq məqsədi güdürdü.
Britaniya sənədlərinə görə, Ouseley Qacar sarayındakı yüksək rütbəli ruhanilərə, vəzirlərə və xüsusilə sülh danışıqlarını aparan diplomat Mirzə Əbdülhəsən xana böyük məbləğdə rüşvət verərək onları sülhün qaçılmazlığına inandırmışdı.
Qacarların xanlıqları asanlıqla vermək istəmədiyini görən ingilis səfir şahı əmin etmişdi ki, “bu sərhədlər müvəqqətidir, mən şəxsən Sankt-Peterburqa gedib rus çarı ilə danışacağam və Napoleon təhlükəsi bitəndən sonra Rusiya bu torpaqların bir hissəsini sizə qaytaracaq”. Bu diplomatik yalan şahın sənədi imzalamasında həlledici rol oynamışdı.
Məhz buna görə də Ouseley Rusiya imperiyasını Qafqazda böyük bir müharibədən xilas etdiyi və Azərbaycan torpaqlarını döyüşsüz Rusiyanın hakimiyyətinə qatdığı üçün rus çarı I Aleksandr tərəfindən Müqəddəs Aleksandr Nevski ordeni və qiymətli hədiyyələrlə mükafatlandırılmışdı.
1812-ci ildə rus ordusu Lənkəran qalasını mühasirəyə alarkən Qacarların ora köməyə getməsinin qarşısını da məhz o almışdı.
Qacar şahının “rəğbətini” qazanan ingilis səfir diplomatik fəaliyyətlə yanaşı, qədim abidələrin talanması ilə də məşğul olurdu. Gülüstan müqaviləsi ərəfəsində o, Qacarların qədim paytaxtı Persepolis şəhərinin xarabalıqlarını ziyarət etmiş, oradakı qədim daş relyefləri və heykəl parçalarını sökdürərək özü ilə aparmışdı.
O, bu tarixi tapıntıları Londona aparıb, əvvəlcə öz evinin pilləkənlərində nümayiş etdirmiş, 1825-ci ildə isə Britaniya Muzeyinə bağışlamışdı.
Azərbaycan xanlıqlarından və cənub vilayətlərindən yüzlərlə qədim, nadir miniatürlü əlyazmanı çox ucuz qiymətə və ya təzyiq yolu ilə ələ keçirmişdi. Hazırda bu unikal kolleksiya [Britaniya Muzeyində](//www.britishmuseum.org/collection/term/BIOG62729) “Ouseley Additions” adı altında saxlanılır.
O, Londona yazdığı qeydlərdə Azərbaycan türk dilinin Rusiyaya qarşı böyük bir ideoloji qüvvəyə çevrilə biləcəyini vurğulamış, bu səbəbdən gələcəkdə bölgədə fars və rus dillərinin inzibati dil kimi irəli çəkilməsinin İngiltərənin maraqlarına daha uyğun olduğunu qeyd etmişdi.
Məhz buna görə də 1813-cü ildən bu günə qədər xəritələrdə Azərbaycana aid qədim tarixi adların ingilis və rus variantlarında tamamilə sıxışdırılıb çıxarılması və rus variantının əsas götürülməsi onun “diplomatik” fəaliyyətinin nəticəsi idi.
Özünün taleyi isə acınacaqlı oldu. O, ağır xəstəliyə düçar oldu, bədəni sürətlə çürüyürdü və 1844-cü il noyabrın 18-də 74 yaşında Hall Barn malikanəsində əzablar içində öldü.
Prof. Dr. Zaur Əliyev


