Azərbaycanın milli bəyanatı BMT Baş Assambleyasının yüksəksəviyyəli iclasında təqdim edilib

ÖLKƏ
11:12 / 17.07.2026
81

İyulun 16-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Yeni Şəhər Gündəliyinin icrasının ortamüddətli icmalına həsr olunmuş BMT Baş Assambleyasının yüksəksəviyyəli iclası keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev iclasın açılış mərasimində çıxış edib, daha sonra isə plenar iclasda Azərbaycan Respublikasının milli bəyanatını təqdim edib.

Anar Quliyev açılış nitqində cari ilin may ayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) qlobal şəhərsalma gündəliyinin inkişafına yeni dinamika qazandırdığını və bugünkü yüksəksəviyyəli iclasa aparan mühüm mərhələ olduğunu vurğulayıb. "Kito şəhəri ilə başlanan yol bizə ortaq baxış qazandırdı. Bakı qlobal gündəliyə yeni siyasi impuls verdi. Nyu-York Yeni Şəhər Gündəliyinin həyata keçirilməsini sürətləndirmək üçün birgə iradəmizi təsdiqlədiyimiz məkan olsun", - deyə Anar Quliyev bildirib.

Milli bəyanatda Yeni Şəhər Gündəliyi prinsiplərinin Azərbaycanda həyata keçirilməsi istiqamətində əldə olunan nəticələr təqdim edilib. Bildirilib ki, şəhərsalma siyasəti inteqrasiya olunmuş məkan planlaşdırılması, əlçatan mənzil təminatı, rəqəmsallaşma, iqlim dayanıqlılığı və insanmərkəzli yaşayış məkanlarının formalaşdırılmasını əsas prioritetlər kimi müəyyən edir.

Bu kontekstdə Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesinə diqqət çəkən Anar Quliyev bildirib ki, bu ərazilər "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində "Daha Yaxşı Yenidənqurma" prinsipi və müasir baş planlar əsasında yenidən qurulur: "Bu yanaşma postmünaqişə bərpa dövründə daha geniş məna daşıyır və şəhərsalmanın uzunmüddətli sülhün, dayanıqlı inkişafın və yüksək həyat keyfiyyətinin təmin edilməsinə xidmət etdiyini göstərir".

Həmçinin Komitə sədri ölkədə həyata keçirilən şəhərsalma islahatlarından bəhs edib. Bildirilib ki, son illər müvafiq normativ-hüquqi baza ardıcıl şəkildə təkmilləşdirilib, ölkə şəhərlərinin 86 %-indən çoxu üzrə yenilənmiş baş planlar hazırlanıb. Xüsusi olaraq vurğulanıb ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlıq çərçivəsində ölkənin ilk Milli Şəhərsalma Siyasəti hazırlanır.
    
Sonda qeyd olunub ki, Azərbaycan Yeni Şəhər Gündəliyinin icrası istiqamətində milli səviyyədə fəaliyyətini davam etdirməklə yanaşı, şəhərlərin dayanıqlı inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə vermək əzmindədir.

0