Soydaşımız Almaniyada yüksək vəzifəyə seçildi

ÖLKƏ
16:17 / 31.07.2026
86

Almaniyada yaşayan soydaşımız Hüseyn Kamalzadə Erlangen şəhərində keçirilən bələdiyyə seçkiləri nəticəsində Əcnəbilər və İnteqrasiya üzrə Məsləhət Şurasının rəsmi üzvü seçilib. Bu vəzifə Almaniya vətəndaşlığı olmayan şəxslər üçün şəhər idarəçiliyində əldə edilə bilən yüksək səviyyəli seçkili təmsilçilik mövqelərindən biri hesab olunur.

Bu barədə HİT.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Hüseyn Kamalzadə Hindistan, İran, Suriya, Çin, Qazaxıstan, Ermənistan və Pakistandan olan namizədləri geridə qoyaraq seçicilərin etimadını qazanıb. Maraqlı məqamlardan biri də odur ki, ona verilən səslərin təxminən dörddə üçü müxtəlif millətlərin nümayəndələrindən gəlib. Bu nəticə soydaşımızın fərqli icmalar arasında qazandığı nüfuzun, qarşılıqlı hörmətə əsaslanan fəaliyyətinin və uğurlu əməkdaşlığının göstəricisi kimi qiymətləndirilib.

"Bu etimadı böyük məsuliyyət kimi qəbul edirəm. Qarşıdakı altı illik mandat dövründə şəhərimizdə yaşayan bütün insanların, xüsusilə də miqrantların, tələbələrin və ailələrin maraqlarını vicdanla təmsil etmək, inteqrasiyanı və bərabər imkanları təşviq etmək üçün əlimdən gələni edəcəyəm. Bu, Almaniyada yaşayan azərbaycanlıların səsinin daha yüksək eşidilməsi, cəmiyyətimizin layiqincə təmsil olunması və gələcək nəsillər üçün yeni imkanların açılması deməkdir,” - yeni seçildiyi vəzifə ilə bağlı fikirlərini bölüşən Hüseyn Kamalzadə bildirib.

Hüseyn Kamalzadənin bu uğuru təkcə şəxsi nailiyyət deyil, həm də Almaniyada yaşayan Azərbaycan icmasının nüfuzunun artmasının və diasporumuzun inkişafının növbəti uğurlu göstəricisi sayılıb. O həmçinin bu il FAU Erlangen–Nürnberg Universitetinin Tibb fakültəsinin doktorantı olaraq universitetin Doktorantlar Konvensiyasının sədr müavini seçilib.

Məlumat üçün bildirək ki, Erlangen və onun ətraf regionu Almaniyanın ən mühüm iqtisadi və elmi mərkəzlərindən biridir. Burada Adidas, Puma, Schaeffler və Siemens kimi dünya miqyasında tanınan beynəlxalq şirkətlər yerləşir. Bu baxımdan, şəhərin idarəçiliyində azərbaycanlı nümayəndənin təmsil olunması həm yerli, həm də beynəlxalq müstəvidə xüsusi əhəmiyyət daşıyır.

0