Qurumlar məsuliyyəti bir-birinin üstünə atdı: 100 ilin binasıdır, hamı əziyyət çəkir
Rəsmi statistikaya əsasən, ölkədəki mənzillərin təxminən 65 faizi 1946-1990-cı illərdə tikilib. 2020-ci ildən sonra inşa edilən binaların ümumi mənzil fondundakı payı isə cəmi 1.3 faizdir.
Paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsində yerləşən binalar da köhnə tikililər sırasındadır. Buradakı binaların bir qismi 1927-ci ildə inşa olunub.
Sakinlərin sözlərinə görə, uzun illərdir binalarda ciddi problemlər yaşanır. Onlar bildirirlər ki, navalçalar sıradan çıxıb, pilləkənlər yararsız vəziyyətə düşüb, eyvanlar isə təhlükə yaradır.
"100 ilin binasıdır. Hamı əziyyət çəkir. Evlərə su damır. Balkonlar da çox təhlükəlidir. Küçədən keçən insanların başına düşə bilər", - deyə şikayətçi narazılığını dilə gətirib.
Əmlak eksperti Elnur Azadov bildirib ki, xüsusilə 1970-ci illərin əvvəllərinə qədər inşa edilən yaşayış fondunun istismar müddəti başa çatıb. Bu istiqamətdə vaxtilə müəyyən qərarlar qəbul edilsə də, proses tam şəkildə həyata keçirilməyib.
O qeyd edib ki, 2017-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Bakının bəzi ərazilərində pilot layihə çərçivəsində köhnə binaların sökülməsi nəzərdə tutulmuşdu. Lakin digər çoxmənzilli binaların yenilənməsi ilə bağlı genişmiqyaslı proqram hələ də yoxdur.
Hazırda Bakı, Abşeron, Sumqayıt və Xırdalan ərazisində bu tip binaların sayının təxminən 20 minə yaxın olduğu bildirilir. Ölkə üzrə isə onların sayının 25 minə yaxın olduğu qeyd edilir.


