Sosial şəbəkələr vaxtımızı necə oğurlayır?

SOSİAL
17:24 / 21.08.2026
143

Gündəlik həyatın sürətlənməsi ilə insanların üzərinə düşən işlərin sayı da artır. 

İş, ailə, sosial münasibətlər və şəxsi ehtiyaclar arasında vaxtı düzgün bölə bilməmək bir çox insanın günün sonunda “heç nəyə çatdıra bilmədim” deməsinə səbəb olur. Bəs problem həqiqətən vaxtın azlığındadır, yoxsa biz mövcud vaxtımızdan düzgün istifadə edə bilmirik? Vaxtı səmərəli idarə etmək üçün hansı qaydalara diqqət etmək lazımdır?

Psixoloq Aytən Ələkbərova Hit.az-a açıqlamasında deyib ki, son dövrlərdə insanların gündəlik danışığında ən çox səslənən ifadələrdən biri “vaxtım yoxdur” və ya “heç nəyə çatdıra bilmirəm” sözləridir:

“Bu yanaşmanın arxasında dayanan səbəblərdən biri müasir insanın həddindən artıq informasiya ilə əhatə olunmasıdır. İnsan bəzən cəmi bir neçə dəqiqə dincəlmək və telefona baxmaq niyyəti ilə cihazını əlinə götürür, lakin həmin qısa fasilənin nə qədər uzandığının fərqinə varmır. 

Məsələn, günün müəyyən saatlarında yerinə yetirilməsi nəzərdə tutulan bir tapşırıq təxirə salındıqda, ardınca görüləcək digər işlərin vaxtı da dəyişir və bütün gündəlik plan pozulur. Bu proses təkrarlandıqca insanın qarşısında yığılan işlərin sayı artır və o, günün sonunda vaxtının kifayət etmədiyi qənaətinə gəlir. Əslində isə bir çox hallarda problem sutkanın qısa olmasında deyil, mövcud vaxtın əhəmiyyətsiz fəaliyyətlərə sərf edilməsindədir”.

407775

Ekspert bildirib ki, texnologiyanın verdiyi imkanlar bir tərəfdən həyatı asanlaşdırsa da, digər tərəfdən diqqəti əsas məqsədlərdən yayındıran amilə çevrilə bilir: 

“Bu vərdişin mənfi təsirləri yalnız işlərin gecikməsi ilə məhdudlaşmır; insanın yuxu rejimi də bundan ciddi şəkildə zərər görə bilər. Bir neçə dəqiqə sosial şəbəkələrə baxmaq məqsədi ilə yatağa uzanan insan bəzən telefon qarşısında saatlarla vaxt keçirdiyini yalnız gecənin sonlarında anlayır. 
Belə hallarda insanın yatmaq üçün planlaşdırdığı saat keçir və yuxu müddəti gecə yarısından sonrakı saatlara qədər uzanır. Ümumiyyətlə, informasiya imkanları genişləndikcə insanın diqqətini qoruması və gün ərzində hansı fəaliyyətə nə qədər vaxt ayırdığını nəzarətdə saxlaması daha da çətinləşir”. 

Psixoloq qeyd edib ki, bu vəziyyət uzun müddət davam etdikdə məsələ artıq sadəcə vaxt itkisi problemi olaraq qalmır:

“Daimi yüklənmə, yuxusuzluq və fasiləsiz informasiya qəbulu insanda stress və emosional gərginliyin artmasına səbəb ola bilər. Bununla yanaşı, insanın yaxınları ilə münasibətlərinə, gündəlik sosial həyatına və ümumi həyat keyfiyyətinə də mənfi təsirlər yarana bilər. Nəticədə insanın özü də fərqinə varmadan həm vaxtını, həm enerjisini, həm də həyat keyfiyyətini tədricən itirməyə başlayır”.

Günel Cəlilova

0