Amerikalı milyarderin fonduna rəhbərlik edən azərbaycanlı xanım kimdir?

ÖLKƏ
16:00 / 21.08.2026
91

Azərbaycan əsilli Türkiz Göygöl uzun illər ABŞ-da və beynəlxalq təşkilatlarda çalışıb, rəhbər vəzifələr tutub, daha sonra öz fondunu yaradıb. Harvard Universitetində doktorantura təhsili alan Göygölün karyera yolu “Pathfinder International”dan BMT-yə, oradan isə Baffet ailəsinin fondunda rəhbər fəaliyyətə qədər uzanıb.

HİT.az “Hafiz Times”a istinadən xəbər verir ki, 1947-ci ildə İstanbulda anadan olan Türkiz Göygöl Azərbaycan siyasi mühacirətinin tanınmış nümayəndələrindən Çingiz Göygölün qızıdır.

Ailəsi Azərbaycandan Türkiyəyə mühacirət etsə də, Göygöl sonrakı illərdə təhsil və peşəkar fəaliyyətini ABŞ və müxtəlif beynəlxalq təşkilatlarla əlaqələndirib.

Onun təhsil həyatının mühüm mərhələlərindən biri Harvard Universiteti ilə bağlıdır. Göygöl müsahibəsində Harvard Universitetində fəlsəfə doktoru pilləsində təhsil aldığını bildirib. Gələcək həyat yoldaşı ilə də həmin dövrdə tanış olub. Həyat yoldaşı o zaman universitetdə professor kimi çalışıb.

Göygölün beynəlxalq səviyyədə peşəkar fəaliyyətinin əsas mərhələlərindən biri “Pathfinder International” təşkilatı ilə bağlı olub. O, 1986-cı ildə təşkilatda vitse-prezident kimi çalışıb. Ümumilikdə 14 il “Pathfinder International”da fəaliyyət göstərən Göygöl məhz həmin təşkilatda işlədiyi dövrdə sonrakı karyerasına təsir edən mühüm peşəkar əlaqələr qurub.

Bu əlaqələrdən biri amerikalı investor Uorren Baffetin (Warren Buffett) ailəsi ilə yaranıb. “Pathfinder International”ın prezidenti Göygölü Uorren Baffetin həyat yoldaşı Syuzan Baffetlə (Susan Buffett) tanış edib. Sonrakı illərdə onların münasibətləri yaxınlaşıb. Göygölün sözlərinə görə, Syuzan Baffet maliyyə dəstəyi üçün təqdim olunan layihələri onunla bölüşür və layihələr barədə peşəkar rəyini öyrənirdi. Bu əməkdaşlıq nəticəsində Baffet ailəsi Göygölün fəaliyyətini yaxından tanımağa başlayıb.

“Pathfinder International”dakı uzunmüddətli fəaliyyətindən sonra karyerasını Birləşmiş Millətlər Təşkilatı sistemində davam etdirib. 1996-cı ildə təşkilatdan ayrılaraq BMT-nin Əhali Fondunda - "UNFPA"da fəaliyyətə başlayıb. "UNFPA"da Azərbaycan, Tacikistan, Türkmənistan, Qırğızıstan və Qazaxıstan üzrə proqramların direktoru olub. Bu dövrdə Daşkənddə yaşayıb və Mərkəzi Asiya ilə yanaşı, Azərbaycanla bağlı layihələrdə də iştirak edib.

Onun Azərbaycanla peşəkar əlaqələrinin mühüm istiqamətlərindən biri də məhz "UNFPA"dakı fəaliyyəti zamanı yaranıb. Göygölün sözlərinə görə, təşkilatın xətti ilə Gəncədə təhsil mərkəzinin açılmasında iştirak edib. O, Azərbaycana ilk səfərini 1989-cu ildə etdiyini, sonrakı illərdə isə "UNFPA" çərçivəsində iş məqsədilə ölkəyə gəldiyini bildirib.

Türkiz Göygöl 1998-ci ildə "UNFPA"dakı fəaliyyətini başa vurduqdan sonra karyerasında sahibkarlıq və müstəqil təşkilati fəaliyyət mərhələsinə keçib. O, ABŞ-ın Virciniya ştatında “Willows Foundation”ı təsis edib. Fondun ilk layihəsi Türkiyənin 15 vilayətində həyata keçirilib.

Onun fəaliyyətinin əsas istiqamətlərindən biri qadınların üzləşdiyi problemlərin araşdırılması və onların hüquqlarının müdafiəsi olub. Xüsusilə qadınların təhsil almasına, peşə sahibi olmasına və iqtisadi baxımdan müstəqil şəkildə ayaqda dura bilməsinə önəm verdiyini bildirib.

Baffet ailəsi ilə illər əvvəl başlayan münasibətlər isə sonradan onun karyerasında yeni mərhələnin əsasını qoyub. Syuzan Baffetin 2004-cü ildə vəfatından sonra ailə Türkiz Göygölə beynəlxalq proqram yaratmaq və ona rəhbərlik etmək təklifi verib. O, bu təklifi qəbul edərək 2005-ci ilin martında “Willows”dakı fəaliyyətindən ayrılıb və “Buffett Foundation”da işləməyə başlayıb.

Beləliklə, “Pathfinder International”da çalışdığı illərdə başlayan peşəkar tanışlıq təxminən iyirmi il sonra onun Baffet ailəsinin fondunda fəaliyyət göstərməsi ilə nəticələnib.

0